Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, saxlama və gəzdirmə cəzası nədir?
Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma, başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin 228-ci maddəsində əks olunub. Maddənin birinci bəndində göstərilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət məcəlləsinin 228- ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə 228.1 və ya 228.3-cü maddələrdə nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə tətbiq edilir.
Həmçinin 228-ci maddənin sonuncu, dördüncü bəndində göstərilir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ancaq bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Hiç yorum yok:
Yorum Gönder