Azərbaycan RespublikasınınSilahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Diqqətinizə çatdırmaq istərdim ki, cinayət məsuliyyətinə cəlb etmə yalnız törədilib başa çatmış cinayətlərə görə deyil, həmçinin başa çatmamış cinayətlərə görə də ola bilər. Bununla əlaqədar olaraq, cinayətin törədilməsinin 3 mərhələsi mövcuddur:
1. Cinayətə hazırlıq
2. Cinayətə cəhd
3. Başa çatan cinayətlər
Bu məqalədə cinayətin törədilməsinin mərhələlərindən biri olan cinayətə cəhd haqqında məlumat veriləcək. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Cinayət Haqqında” adlanan bölmənin başa çatmayan cinayətlər fəslində cinayətə cəhdlə bağlı 29-cu maddə mövcuddur. CM-in 29-cu maddəsinə görə «Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur».
Cinayət məcəlləsinin müvafiq maddəsini təhlil etdikdə görə bilərik ki, qanunda cinayət etməyə cəhdə verilən tərif onun obyektiv və subyektiv əlamətlərinə əsaslanır. Cinayətə cəhdin obyektiv əlamətləri aşağıdakılardır:
1. hərəkət bilavasitə cinayət törətməyə yönəldilir
2. hərəkətin başa çatmaması
3. qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmaması
Hərəkətin bilavasitə cinayət törətməyə yönəldilməsi ilə əlaqədar qanunun belə mövqeyi göstərir ki, cinayətə cəhddə törədilməsi əvvəlcədən qət edilən cinayətin faktiki edilməsinə başlanılır. Cinayət qanunu ilə qorunan ictimai münasibətlər qismən ziyan çəkmiş olur. Eləcə də, cinayətə cəhd edilən hərəkətlərlə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Məs., şəxs başqasını öldürmək məqsədilə nişan alır, atəş açır. Şəxs başqasını öldürmək məqsədilə nişan alarkən və ya atəş açarkən cinayətin faktiki edilməsinə başlayır və bununla da qəsdən adam öldürmənin obyektiv cəhəti qismən icra edilir.
ikinci obyektiv əlaməti hərəkətin başa çatmamasında ifadə olunur. Yəni, cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Bu əlamət cinayətə cəhdi başa çatmış cinayətdən fərqləndirir. Burada cinayətə cəhdin bitmiş cinayətdən fərqləndirilməsi, həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin quruluşundan asılıdır. Əgər cinayət etməyə cəhd maddi cinayətin törədilməsinə yönəlmişdirsə, kriminal nəticə baş vermir. Belə ki, başqasını öldürmək məqsədilə odlu silahdan atılan güllə zərərçəkənə dəymir (yaxud dəysə də, onu öldürmür). Qanunda nəzərdə tutulan nəticə – zərərçəkənin ölümü baş vermir. Beləliklə, cinayətə cəhd zamanı hər şeydən əvvəl qanunda nəzərdə tutulan ictimai-təhlükəli nəticə baş vermir. Lakin buradan heç də o nəticəni çıxarmaq olmaz ki, cinayətə cəhddə ümumiyyətlə, nəticə olmur. «Cinayət etməyə cəhd nəticəsiz cinayətdir» dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Bəzi hallarda cinayətə cəhdə yol verilən hərəkətlər cinayəti başa çatdırmasa da, müəyyən nəticələr doğura bilər. Məsələn, şəxsin qadına qarşı quldurluq etməyə yönələn hərəkəti başa çatmasa da, qadın belə hərəkətdən bədən xəsarəti ala bilər.
Cinayətə cəhdin üçüncü obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır: cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə (məs., seçilən, yaxud da hazırlanan açar qıfıla düşmür, beləliklə qapını açmaq, əmlakı oğurlamaq mümkün olmur), cinayətin predmetinin olmaması ilə (məs., seyfdə pul olmasını zənn edən şəxs seyfi açır, lakin orada pul olmur); zərərçəkənin ciddi müqavimət göstərməsilə əlaqədar ola bilər.
Cinayətə cəhdin subyektiv əlaməti ilə əlaqədar isə qeyd etməliyik ki, Cinayətə cəhd subyektiv cəhətdən düzünə qəsdlə xarakterizə olunur. Düzünə qəsd dedikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25.2 maddəsində anlayışı verilən birbaşa qəsd nəzərdə tutulur: «Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur». Məsələn: Şəxs kimisə qəsdən atəş açaraq öldürürsə, bu birbaşa qəsd hesab olunur. Əgər hər hansısa bir şəxsin evini yandırarkən evdə kimin olmamasını zənn edərək bu əməli törədisə və bu zaman da evdə olan şəxs ölərsə bu da dolayı qəsd hesab olunur.
Cinayətə cəhdin 3 növü fərqləndirilir, bunlar aşağıdakılardır:
1. Bitməmiş cəhd
2. Bitmiş cəhd
3. Yararsız cəhd
Bitməmiş cəhddə cinayəti başa çatdırmaq üçün şəxs zəruri saydığı hərəkətlərin müəyyən hissəsini yerinə yetirə bilmir və buna görə də cinayət başa çatmır. Məsələn: A adlı şəxs B-ni öldürmək məqsədi ilə silahı ona qarşı yönəldir. Bu zaman polislərin gəldiyini görərək bu əməli başa çatdırmadan həmin yerdən uzaqlaşır. Belə olduğu təqdirdə bu cinayət cəhdin bitməmiş forması hesab olunur. Çünki, A cinayətin obyektiv cəhətini tam icra edə bilmədi.
Bitmiş cinayət etməyə cəhddə şəxs cinayəti başa çatdırmaq üçün zəruri saydığı və obyektiv olaraq cinayətin başa çatması üçün kifayət hesab edilən hərəkətləri edir, lakin onun iradəsindən asılı olmayan səbəblər üzündən cinayət başa çatmır. Cinayətə cəhdin bu növündə yol verilən hərəkətlər şəxs tərəfindən əlavə səylər edilmədən kriminal nəticəni (yaxud da cinayətin obyektiv cəhətini) şərtləndirməli olduğu halda, cinayət başa çatmır. Həm də şəxsdə yol verilən hərəkətlərin cinayəti başa çatdırmağa kifayət edən hərəkətlər olmasına inam yaranır. Məsələn: A adlı şəxs B-ni öldürmək üçün odlu silahla atəş açır, lakin düzgün nişan ala bilmədiyi üçün məqsədinə çata bilmir. Bu zaman bu, bitmiş cəhd hesab olunur. Çünki, şəxs adamı öldürmək üçün zəruri olan hərəkətləri etdi, lakin onun iradəsindən asılı olmayan səbəblərdən məqsədinə çata bilmədi.
Cinayət hüquq nəzəriyyəsində cinayətə yararsız cəhd növü də fərqləndirilir. Yararsız cəhd növü şəxsin səhvi ilə bağlı olur. Şəxs ya ziyan yetirmək istədiyi obyektə səhv edir, yaxud da elə alət və vasitələrdən istifadə edir ki, bunlar kriminal niyyəti həyata keçirməyə imkan vermir. Yararsız cəhd yararlı cəhdin bütün xüsusiyyətlərinə malik olduğu üçün cinayət məsuliyyəti yaranır. Yararsız cəhdin iki növü fərqləndirilir:
1. yararsız obyektə ziyan yetirməyə yönələn cəhd
2. yararsız vasitələrlə ziyan yetirməyə cəhd
Cinayət etməyə cəhdin bu növündə şəxs öz hərəkətlərini reallıqda mövcud olan obyektə (həyata, mülkiyyətə) istiqamətləndirir, lakin qəsd obyektinin xüsusiyyətləri haqqında yanlış təsəvvürə malik olduğundan məqsədinə nail ola bilmir. Burada 2 hal mövcuddur:
1. Bir halda səhv cinayətin predmetilə əlaqədar olur
2. başqa halda isə zərər çəkənlə bağlı olur
Cinayətin predmetilə əlaqədar olan səhvlərə misal kimi qeyd edə bilərik: Hər hansısa bir şəxs oğurlamaq istədiyi əşyanın A-nın evində olmasını zənn edir, lakin həmin əşyanı orada tapa bilmir.
Zərər çəkənlə bağlı olan olanlara isə ölmüş adamı yatmış hesab edib, ona qəsd etməni qeyd edə bilərik.
Yararsız vasitələrlə cinayətə cəhd zamanı şəxs cinayət törətmək üçün elə vasitələrdən istifadə edir ki, belə vasitələr cinayətin edilməsini obyektiv olaraq təmin etməyə qadir olmur. Bunlar da iki yerə bölünürlər:
1. Mütləq yararsız
2. Konkret şərait üçün yararsız
Mütləq yararsız olan vasitələrə elə vasitələr aid edilir ki, onlar heç bir halda kriminal qəsdin həyata keçirilməsi üçün yararlı olmur (məsələn, şəxs öldürmək məqsədilə zərər çəkənə zəhər əvəzinə zərərsiz dərman tozu verir).
Konkret şərait üçün yararsız olan vasitə başqa şəraitdə kriminal niyyətin həyata keçirilməsi üçün yararlı ola bilər. (Məsələn, atəş açmaq üçün nasaz olan odlu silahla adam öldürməyə cəhd etmə).
Cinayətə cəhdə görə məsuliyyət:
Cinayətə cəhdə hüquqi qiymət verərkən törədilməsinə qət edilən cinayətə görə məsuliyyət müəyyən edən Xüsusi hissənin maddəsinə və CM-in 29-cu maddəsinə istinad edilir. Cinayətə cəhd etməyə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası hüdudunda cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən, cəza təyininin ümumi prinsiplərini (maddə 58), habelə cinayətə cəhd etməyə görə cəzanın fərdiləşdirilməsinə dair CM-in 63-cü maddəsinin göstərişini rəhbər tutur.
AR-ın CM-in başa çatmayan cinayətə görə cəza təyin edilməsi adlanan 63-cü maddəsində cinayətə cəhdlə bağlı aşağıdakı müddəalar mövcuddur:
Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır;
Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz;
cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.
Hiç yorum yok:
Yorum Gönder