Lakin Məzahir Rüstəmov 1992-ci il 6 avqustunda Gədəbəy rayonunun Şınıx bölgəsinə düşmənin hücumunu dəf edərkən ŞƏHİD olub, cənnətin 32 yaşlı sakini olaraq əbədiyyətə qovuşub, adını qızıl hərflərlə Azərbaycanın hərb tarixinə yazıb.
Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində əslən Gədəbəyin Düz Rəsullu kəndindən olan hörmətli professorumuz İzzət Rüstəmovun ailəsində dünyaya gəlmişdi. Bakı şəhərində Nizami rayonundakı 32 saylı məktəbdə orta təhsil almış, 1983-cü idə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayaraq, “İnsan psixologiyasının bütövlüyü” adlı dissertasiya üzərində çalışırdı.
1990-cı ildən Respublikamızın hər yerində olduğu kimi Gədəbəyin Şınıx bölgəsində də ağır vəziyyət yaranmışdı. Erməni qoşunları sərhəd kəndlərimizi atəşə tutur, daim təhlükə altında saxlayırdılar. Daima Vətən, torpaq qeyrəti ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və ata yurdu Düz Rəsullu kəndində yerləşən bölüyün Mutudərə postuna taqım komandiri vəzifəsinə təyin edilir. Mutudərə olduqca mühüm strateji yer olduğundan Məzahir bilirdi ki, ermənilər Gədəbəyin Şınıxda yerləşən 28 kəndini işğal etmək üçün məhz ilk olaraq Mutudərəyə hücum edəcəklər. 1992-ci ilin yayında ermənilər Gədəbəylə Şınıx bölgəsinin əlaqəsini tam kəsmiş, quldur yuvası Başkəndə (Artsvaşen) coxlu hərbi qüvvə yerləşdirmişdilər. Ermənilər Şınıx zonasının, eləcə də Gədəbəy rayonunun digər torpaqlarını ələ keçirmək üçün Başkənddə təlim görmüş xüsusi bir alay saxlayırdılar. Bu alay müasir texnika ilə tam təchiz olunmuşdu. Alayın əsas vəzifəsi Şınıx kəndlərini işğal etmək, Gədəbəy-Şəmkir istiqamətində hərəkət edib Yasamal adlanan strateji mövqeni ələ keçirmək idi.Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək təkcə döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərir və Mutudərədən bir anda olsa ayrılımırdı. Məzahir cəsur komandir olaraq kəndin müdafiəsini layiqincə yerinə yetirirdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün xaincəsinə hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü. Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir Rüstəmov qəhrəmancasına şəhid olur. Son nəfəsinəcən vuruşan komandir Məzahir Rüstəmov Mutudərədə böyük faciənin qarşısını ala bilir.
Məzahir Rüstəmov dədə baba torpaqları uğrunda, elimizin, obamızın şərəfi uğrunda ŞƏHİD oldu. Şəhid oldu ki, dinc əhali, Ana, bacılarımız, körpələrimiz, qocalarımız düşmənə əsr düşməsinlər.
Göstərdiyi qəhrəmanlığa və igidliyə görə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Məzahir Rüstəmov Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Vətən yolunda qəhrəmanlıqla şəhid olduğu üçün onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.
Xatirəsi əbədiləşdirələk Bakı şəhərində oxuduğu 32 saylı məktəb və Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb və Gədəbəy rayonunun Şınıx bolgəsində çox saylı alim və ziyalıların yetişdiyi Düz Rəsullu kənd tam orta məktəbi də Məzahir Rüstəmovun adına verilmişdir.
Qəhrəmanın haqqında "Anama deyin ki", "Əfsanəyə dönmüş ömür", "Ərdağına gedən yol" kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin "Hüriyyət" və "Zaman" qəzetlərində geniş məqalələr çap edilmişdir.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər Milli Qəhrəmanlarla birlikdə həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Müharibəyə gedəndə az yaşlı bir qız övladı var idi.
Məzahir Rüstəmov kimi qəhrəman oğullar Azərbaycanımızın fəxridir. Onun vaxtsız, lakin qəhrəman kimi həyatdan gedişi nəinki bir ailənin, bir nəslin, bir rayonun, ümumiyyətlə, bütünlükdə xalqımızın - qəhrəmanlarıyla hər zaman öyünən Azərbaycanımızın kədəridi.
Məzahir Rüstəmov qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq, gələcək nəslə örnək kimi həmişə tarıxdə qalacaqdır. . Ruhu qarşısında bu gün sayğı və ehtiramla baş əyirik.
Allah rəhmət eləsin. Ruhu şad olsun!
Hiç yorum yok:
Yorum Gönder