Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Fakt.info xəbər verir ki, Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra ötən gün - 16 fevral tarixində, saat 23:00-da vəfat edib. O, prostat vəzi xərçəngi xəstəliyindən əziyyət çəkirdi.
Mərhum bu gün doğulduğu Ərkivan qəsəbəsi, Pələngküçtə məhəllə qəbiristanlığında dəfn ediləcək.
Allah rəhmət etsin.
Xatırladaq ki, Məmmədağa Məmmədəli oğlu Şiriyev 26 noyabr 1950-ci ildə Azərbaycan SSR Masallı rayonunun Ərkivan kəndinin Pələngküçtə məhəlləsində anadan olmuşdur. 1969-cu ildə “Ağ məktəb”də - Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində 10-ci sinifi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun mexanika fakültəsinin “avtomobillərin istismarı” ixtisası üzrə 20 bal toplamaqla daxil olmuşdur.
1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin təyinatına əsasən Özbəkistan SSR DİN sisteminin yol polisi xidmətinə göndərilmişdir. Az müddət ərzində (5 il) sıravi inspektor vəzifəsindən Qaşqadərya Vilayət Daxili İşlər İdarəsinin DYPŞ YPX alayının komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1981-1986-cı illərdə SSRİ DİN Daşkənd Ali Milis Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə Dağlıq Qarabağ probleminin başlanması ilə əlaqədar olaraq öz ərizəsinə əsasən Azərbaycan SSR DİN sisteminə xidməti vəzifəsini davam etdirmək üçün qayıtmışdır.
O, sahə inspektoru vəzifəsindən Masallı RPŞ-nin Qərargah rəisi - rəis köməkçisi vəzifəsinədək yüksəlmiş və həmin vəzifədə 10 il işlədikdən sonra 13 dekabr 2005-ci ildə polis “polkovnik-leytenant”ı rütbəsində istefaya çıxmışdır. İşlədiyi müddətdə bir neçə dəfə mükafatlandırılmış, “Milis əlaçısı” döş nişanı (1977), Usta məharət dərəcəsi, “Daxili İşlər orqanlarında qüsursuz xidmətlərə görə“ medalları ilə təltif olunmuş, tutduğu xidməti vəzifə rütbəsindən bir pillə yuxarı ( polkovnik-leytenant) xüsusi rütbəsini mükafat qaydasında (1997) almışdır.
M.Şiriyev 2014-cü ildə Masallı Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları Təşkilatının sədri vəzifəsinə seçilmişdir. İşlədiyi dövrdə “Veteran həmrəyliyi”, “Qələbənin 70 və 75 illiyi “ (2015, 2020), General Həzi Aslanov və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Təşkilatının yaradılmasının 30 illiyi (1988-2018) yubiley medalları ilə təltif edilmişdir.
YAP Masallı Rayon Təşkilatı və Ağsaqqallar Şurasının üzvü idi.
Ailəlidir. 5 övladı, 14 nəvəsi vardır. Həyat yoldaşı Şiriyeva Validə Novruz qızı polis veteranıdır, istefada olan polis mayorudur.
Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.
O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder