Dövlət istintaq komitəsi və Ailə, qadın və uşaq məsələləri üzrə komitənin açıqladığı statistikaya görə, bizim ölkədə 700 dilənçi uşaq var. Bu, yalnız rəsmi statistikadır, əgər qeyri-rəsmi statistikaya qalsa bu rəqəm qat-qat çoxdur. Əgər müxtəlif QHT məlumatını nəzərə alsaq yalnız paytaxtımızda 500 dilənçi uşaq var. Bütün Azərbaycan üzrə isə bu, daha çoxdur.
Bakmiltv.info “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə uşaqların hüquq üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2005-ci ildə həddi-büluğa çatmamışlar arasında qanun qəbul edilib, amma bu qanun faktiki olaraq işləmir.
“Azərbaycanda kimsəsiz uşaqlar üçün yalnız bir reabilitasiya mərkəzi var. Bu mərkəz paytaxtda yerləşir, amma o da yaxın günlərdə sadə bir səbəbdən – maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandıra bilər. Uşaqları küçəyə üz tutmağa məcbur edən səbəblərdən danışarkən bir neçə başlıca səbəbi qeyd etmək lazımdır. Bəzi uşaqlar küçəyə valideyn və ya digər böyüklərin onları dilənməyə məcbur etmələri nəticəsində düşürlər. Amma biz adətən küçədə dilənməyə ənənə kimi yanaşanları görürük. Söhbət qaraçılardan gedir. Fikrimcə milli azlıqların uşaqların mühafizəsini təmin edən dövlət proqramı hazırlamaq lazımdır. Uşaq dilənçiliyinə milli ənənə ilə haqq qazandırmaq olmaz. Belə valideynlər ən azından məsuliyyətə cəlb edilməlidirlər, onların səlahiyyətini məhdudlaşdırmaq və ya valideynlik hüququndan məhrum etmək lazımdır”, - N.Seyidov qeyd edib.
“Exo”ya verdiyi müsahibədə uşaqların hüquqlarının müdafiəsi üzrə Azərbaycan Liqasının sədri Yusif Bəkirov bəyan edib ki, uşaqları dilənçilik etməyə məcbur edən böyüklər valideyn hüququndan məhrum edilməlidirlər.
“Rəhbərlik etdiyim təşkilat mütəmadi olaraq ictimaiyyəti dilənçilik barədə məlumatlandıraraq vəzifəsini yerinə yetirmiş olur. Dövlətə gəldikdə isə, Bakının küçələrində əlini açan uşaqların olmaması üçün heç bir iş görülmür. Dövlət bu işə göz yummağa üstünlük verir. Bunun çox sadə açıqlaması var: əgər valideynlər uşağın tərbiyə edilməsindən məhrum edilərsə bu vəzifə dövlətin çiyninə düşəcək. Dövlət bu uşaqların qayğısına lazımınca qala bilmir, ona görə də bir müddət sonra onlar alışdıqları həyat tərzinə geri dönəcəklər”, - Y.Bəkirov qeyd edib.
Onun sözlərinə görə, dilənən uşaqları iki yerə ayırmaq olar: könüllü dilənçilik edənlər, məsələn, dilənib yığdıqları pula nə isə almaq istəyənlər və böyüklərin dilənməyə məcbur etdikləri uşaqlar.
Ekspertin sözlərinə görə, dilənçilər ən çox paytaxtdadır, çünki burada, regionlarla müqayisədə insanlar daha yaxşı təmin ediliblər.
“Vətəndaşlardan da çox şey asılıdır: əgər onlar dilənçilərə pul verməsələr, bu hal aradan qaldırılacaq”, - Y.Bəkirov bildirib.
Uşaqların hüququ üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovun sözlərinə görə, dilənçiliyin aradan qaldırılması üçün uşaqlarla iş aparan orqanların öz vəzifələri haqqında dəqiq anlayışları və onların həyata keçirilməsi üçün isə vəsaitləri olmalıdır. Uşaqlarını dilənməyə göndərən üzüqara valideynlərə gəldikdə isə onlar da sərt cəzalanacaqları barədə xəbərdarlıq almalıdırlar. İşsiz valideynlər dövlət tərəfindən iş ilə təmin edilməli və ya ixtisasdəyişmə hüququ qazanmalıdırlar. Bütün bu profilaktik tədbirlər küçələrdə dilənçilərin sayını azalda bilər. Valideynlərlə maarifləndirmə işi, dilənçiliyə sövq edilmiş uşaqlarla isə sosial və reabilitasiya işi aparılmalıdır, belə ki, onların çoxu stress yaşayıb.
“Bu gün isə vəziyyət belədir: polis dilənçi uşaqları tutur, qeydiyyatda olduğu yaşayış yerinə göndərir. Qısa bir zaman keçdikdən sonra uşaqlar yenə əvvəlki yerlərinə qayıdırlar...”, - N.Seyidov deyib.
Hiç yorum yok:
Yorum Gönder