Azərbaycanın Əmək Qanunvericiliyində Dəyişikliklər:


Qadınların Əmək Hüquqlarına Təsiri
Bu yazıda Azərbaycanın əmək qanunvericiliyində baş verən dəyişikliklərin, xüsusilə qadınların əmək hüquqlarına təsirindən bəhs edəcəyik. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 170 saylı qərarının ləğvini nəzərdən keçirək. Vaxtı ilə bu qərar qadınların ağır və zərərli işlərə cəlb olunmasını qadağan edirdi. Bu qanun, son 25 ildə ancaq sənədlərdə qalan, Sovet dövründən miras qalmış qaydalardan biri idi. O dövrdə təkcə qadınlar deyil, ümumilikdə insan əməyi hörmətə layiq idi. O dövrdə televiziyaların qəhrəmanları Həci axtarışında olan xanımlar, min bir bəhanə ilə ordudan qaçan fərarilər deyil, əsl zəhmətkeş insanlar idi. Nəysə, qayıdaq bu qanunumuza.
İlk baxışdan 170 saylı qərarın ləğvi, qadın və kişi hüquqlarının bərabərliyi adına edildiyi iddia edilsə də, əslində bu qərarın ləğvi ölkədə əmək bazarına nəzarət edən və onu idarə edənlərin, həmçinin pandemiya və ya işsizliyin artdığı, yerli istehsalın minimuma endiyi bir dövrdə sosial zəif təbəqəni dilənçilikdən qurtarmaq üçün verilməli olan sosial müavinatlara cavabdeh olan şəxslərin xeyrinə atılmış bir addım idi.

Əgər inkişaf etmiş ölkələrdə dövlətin adını öz üzərinə götürən məşgulluq xidməti vətəndaşı ölkədə olan minimal istehlak səbətini ödəyən işlə təmin etmədikdə ona işsizlik müavinatı verirsə, Avropada kilsə (Fransada), körpü (Slovakiyada), park (Meksikada və s.) saldıran Azərbaycanda Dövlət Məşgulluq Agentliyi hətta vətəndaşa iş tapmaqda aciz qalanda belə hər bir yolla çalışır ki, vətəndaşa “işsiz” statusu verməsin. Odur ki, müxtəlif uydurma iş yerlərinə göndəriş verir, göndərişi verdikdə isə o göndərişin zəmanətini vermir. İş yerinin mövcud olmadığı halda isə geri dönən ev arası işləyən dəllallar kimi vətəndaşa “Biz bu iş yerlərini saytlardan götürürük” deyir. Yox, əgər vətəndaş sosial müavinat istəsə, onda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (düzünü desək, buna sosial istismar demək daha doğru olardı) o dəqiqə vətəndaşa 170 saylı qərarın ləğvini xatırladıb, ondan xanımının niyə bənna və ya daş karxanasında daş yükləyən işləməməsini soruşur. Axı qanuna görə bu gün kişi və qadının hüquqları eynidir. Amma bu zaman “Sağlam qadın bizim sağlam gələcəyimizin, gələcək nəslimizin zəmanətidir” kimi pafoslu şüarlar heç kəsin yadına belə düşmür.
Mən hələ yerli “Həmkarlar komitələrindən” danışmıram. Xatırlayırsızsa, Sovet Azərbaycanının dövründə apendisid (kor bağırsaq əməliyyatı) olan şəxs 6 ay ərzində yüngül işə keçirilirdi və yaxud xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtının tətbiq olunurdu və bu iş vaxtından artıq işlədikdə işçi əlavə əmək haqqı alırdı. Bu qanun bu gün də var,AR Əmək məcəlləsinin 93-cü maddəsinə görə. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Reallıqda isə 2015-ci ildə Azərbaycanda ən böyük işçi bazarına malik olan SOCAR- ADNŞ rəhbərliyinin əmri ilə bir sıra işçilər bu siyahıdan çıxarıldı. İşçi və iş prinsipi yerində qaldı amma bəzi sahələrdə işçiyə 36 saat əvəzinə bu gün həftədə 40 saatlıq norma tətbiq olundu. Misal üçün Azəriqazın təmir-bərpa işləri və ya qaz tənzimləyici qurğuların istismarı və təmiri ilə məşgul olan çilingər və qaynaqçıları götürə bilərik. Amma gəlin baxaq böyük bir işçi ordusu olan Neft və Qaz işçilərinin həmkarlar komitəsi buna etiraz etdimi? Əsla yox. Mən heç marketlər şəbəkəsində 10-12 saat ayaq üstə kassa arxasında, həm kassir, həm satıcı, həm fəhlə kimi işləyən gənclərimizi yada salmıram.
Odur ki, hörmətli dostum, nə qədər ki, sən və sənin kimi zəhmətkeşlər birləşib öz əmək hüquqları uğrunda Müstəqil Həmkarlar İttifaqı yaratmayacaq, nə qədər ki, hər ay öz əmək haqqından bir gün də olsun onun əmək şəraiti ilə maraqlanmayan ictimai təşkilatlara üzvlük haqqı ödəyəcək, gündən-günə onun istər sosial, istərsə də əmək hüquqları ayaq altında olacaq.

**Həmkarlar İttifaqları Haqqında Azərbaycan Respublikasının Qanunu:**
**Maddə 3. Həmkarlar ittifaqlarında birləşmək hüququ**
İşçilər, pensiyaçılar, təhsil alan şəxslər, heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.
İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir.
Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.

Hiç yorum yok:

Yorum Gönder

Pages