Əldən gedən əl yazısı MÜNASİBƏT



Hər il yanvarın 23-ü Ümumdünya Əl Yazısı Günü kimi qeyd olunur. Bu gün əl yazısının əhəmiyyətini, dəyərini vurğulamaq, hətta rəqəmsal əsrdə də əl yazısının sağ qalmasına və qorunub saxlanmasına dəstək vermək məqsədinə xidmət edir. Elə Əl Yazısı Günündən və ona xarakterik bu məlumatdan yola çıxıb artıq illərdir, əldən gedən əl yazısından danışaq. Əl yazısı deyiləndə isə ən birinci xatırladığımız məktublardan başlayaq...

Sizə məktub var...

Uzun illərdir eşitmirik bu sözləri: sizə məktub var... O məktubları gətirən poçtalyonları da uzun illərdir daha görə bilmirik. Hansı ki, vaxtilə bir motosiklet səsinə, velosipet siqnalına balkona, pəncərə qarşısına yaxınlaşırdıq, qapımızın indicə döyüləcəyini, poçtalyonun o tanış səsinin indicə “sizə məktub var” deyəcəyini gözləyirdik...

Bu məktublar dünyanın uzaq-uzaq ölkələrindən də gəlirdi, ölkəmizin regionlarından da gəlirdi, hətta yaşadığımız rayonların şəhərindən, kəndindən də... Bu məktublar bir ananın əsgər balasından xəbər gətirirdi, bu məktublar illərlə görüşməyən bacı-qardaşı bir-birinin hal-əhvalından xəbərdar edirdi. Bu məktublar könül açırdı, könül verirdi, sevgi ilə dolurdu, həsrəti vüsala çevirirdi. Dörd qatlanıb zərfə qoyulanda arasına çiçək ləçəkləri səpələnirdi, olurdu ətirli məktublar. Sevgililər uzaq məsafələrdən bir-birinin qoxusunu alırdı bu məktublardan.

Ən əsası isə bu məktublarda hər kəsə məxsus əl yazısı vardı. Hər kəs məktubun üzərini oxumasa belə, zərfi açarkən yazı xəttindən məktubun kimdən gəldiyini təxmin edirdi. Hər kəsin özünəməxsus yazı şəkli vardı. Kimi gözəl dəst-xətlə, kimi necə gəldi, əyri-üyrü xətlə, kimi uzununa, kimi yastısına düzdüyü hərflərlə əl yazısını ifadə edirdi. Lakin nə formada əl yazısı ilə yazılmasından asılı olmayaraq məktublar öz mənasını ifadə edirdi; nigaran qalmamağı, hər şeyin qaydasında olduğunu; hal-əhvalı, vəziyyəti; sevgini, bunun qarşılıqlı olduğunu və sair...

Məktublar insanların sirdaşı, dostu, rəfiqəsi idi sanki: məktublarla dərdləşir, söz-söhbətini onlarla edir, bəzən doluxsunur, bəzən göz yaşlarını kağız vərəqlərin üzərinə tökürdü. Yazdıqca danışır, danışdıqca əzizlərini gözü qarşısına gətirir, gözü önündə canlandırırdı. Sanki onlar uzaq ellərdən bir anlığa məktub yazanın yanına gəlir, söhbətləşib geri qayıdırdı. Beləliklə, məktub yazmaq tək əl yazısı deyildi. Həm də hisslərin, istəklərin, arzuların cəmləşdiyi sözlər, cümlələr qalereyası idi.

Kağız vərəqlərdən dəmir lövhələrə...

Bu gün artıq həmin məktublardan əsər-əlamət qalmayıb. Nə bizlər məktub yazırıq, nə ürək döyüntüsü ilə o məktubları poçt qutularına salırıq, nə də poçtalyon yolu gözləyirik. Dövrümüzdə kompüterlərin, elektron poçtların, mesajların, sosial medianin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə üstünlük qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb. İndi məktub əvəzinə mesaj yazırıq. Fikirlərimizi kağız vərəqlər üzərinə yox, dəmir lövhələr üzərinə tökürük. Bu dəmir parçaları necə də get-gedə xarakterimizə yansıyır, fərqinə varan varmı? Sanki soyuqlaşırıq... Kağız məktublardakı səmimiyyətdən, istilikdən indi ixtisara saldığımız sözlərlə qurduğumuz cümlələrdə əsər-əlamət yoxdur. Yəni cümlə də demək olmaz, onlar yarımçıq fikirlərdir. Heç birinin sonu nöqtə tələb etməyən fikirlər.

Bizi gələcəkdə hüsnxətsiz insanlarla dolu bir həyat gözləyir. Çünki hazırda gənclərimizin əksəriyyəti yazı yazmaqdan çox uzaqdırlar. Əksər gənclərin sosial şəbəkələrdə yazışmaları isə adamı dəhşətə gətirir. İllərlə bir vərəq yazı yazmayan bu insanlar artıq necə gəldi yazmağa başlayıblar. Yersiz ixtisarlar, qısaldılıb məhv edilən sözlər, mübtədası, xəbəri bilinməyən cümlələrə nəzər saldıqda, inanın, heç nə anlamaq olmur. Bütün bunlar isə yazı yazmaqdan illərlə kənarda qalmağın nəticələridir. Əvvəllər orta məktəbi bitirənədək o qədər yazı yazırdıq ki, məktəbi bitirən gənclər ali təhsil aldı-almadı, hamısı mükəmməl yazmaq qabiliyyətinə malik olurdu. İnşa yazılar, imla, ifadə işləri isə o qədər tez-tez yazılırdı ki, xəttimizin gündən-günə daha da səliqəli olması ilə nəticələnirdi. Və bundan zövq alıb daha çox yazmaq istəyirdik. Beləliklə də xəttimiz “yaşayırdı”. Eləcə də əlyazma deyilən bir yazı növünün varlığından söhbət gedə bilirdi.

Bəs indi? İndiki təhsil metodu isə yazı yazmağı o dərəcədə azaldıb ki, uşaqların yazı yazmaq qabiliyyəti sadəcə ibtidai siniflərdə qalıb. Müasir məktəblərimizdə nə əvvəlki kimi tapşırıq yerinə yetirilir, nə də əvvəlki qədər inşa, imla, ifadə yazılır. Bu səbəbdən də yeni bir nəsil yetişir: hüsnxətsiz nəsil...

Qrafalogiya elmi məhvə doğru...

İnsanın xətti ilə xarakteri arasındakı əlaqəni qrafalogiya adlı elm öyrənir. Bu elm insanın xəttinə görə onun ağlını, iradəsini, emosionallığını və sair kimi keyfiyyətləri qiymətləndirməyə imkan verir. Məsələn, əl yazısını sağa doğru əymək insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dostcanlı və məsuliyyətli olurlar. Yazı sağa doğru əyildikcə insanın qərarları duyğularının təsirinə düşür. Əl yazısının ümumiyyətlə, düz olması insanın müstəqilliyinə dəlalət edir.

Sola doğru əyilən əl yazısı, romantikliyi və ehtiyatlı olmağı göstərir. Bu əl yazısının sahibi əvvəlcə hər məlumatı təsdiqləyir. Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən isə xoşu gəlmir.

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğu xoşlayırlar. Kiçik əl yazısı məntiqli düşünməyin göstəricisidir.

Kobud yazan şəxslər verdikləri sözü yerinə yetirməkdə həmişə tərəddüdə olurlar. Həyatda baş verən hər bir hadisəni ciddi qəbul edirlər. Çox kobud yazı isə şəxsin gərginliyindən xəbər verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir. Çox incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir.

Mənbələrdə göstərilir ki, yazı xəttinin ölçüsü insanın ünsiyyətcillik səviyyəsini müəyyən edir. Belə ki, iri xətt sahibləri daha ünsiyyətcil və istiqanlı olurlar. Xırda xətt isə insanın özünə qapalılığı və gizliliyi haqqında xəbər verir. Yumru yazı xəttinə malik insanlar isə mehriban və nəzakətli olurlar.

Yazı yazarkən qələmə təzyiq göstərərək az qala dəftəri yaran adamlar iradəli və güclü olurlar. Əksinə olaraq yazıda qələmə güc verməyib, əlini rahat buraxan insanlar bir qədər arxayın və səbirli insanlardır.

Kalliqrafik xətt insanı səliqəli və məsuliyyətli insan kimi xarakterizə edir. Anlaşılmaz xətt sahibinin enerjili, qayğısız və bir qədər əsəbiliyindən xəbər verir.

Bitişik xətt insanın məntiqli düşüncəyə sahib olduğunu izah edir. Yox, əgər həriflər bir-birindən aralıdırsa, bu, insanın güclü intuisiyaya sahib olduğu anlamına gəlir.

Optimist insanlarda sətirlər başlanğıcdan sona doğru yüksəlir. Pessimistlərdə isə əksinə olaraq aşağı enir. Düz sətirlər realistləri xarakterizə edir, hansı ki bu insanlar həmişə sakit olur və hər şeyə təfəkkürlə yanaşır.

Torpağa gömülən əl yazısı

Yaxşı, səhərdən bəri sadaladığımız bu yazı xətlərinə harada rast gəlinə bilər ki, kimlərinsə xasiyyəti də müəyyən edilə? İndi bir-iki sənəddən başqa, əl yazısı demək olar ki, yoxdur. İnsanlar uzun illər yazmadıqlarına görə xətləri də itib-batıb. Məsələn, otuz-qırx adam yazı yazmağa cəlb olunarsa, onların hər birinin xətti uzun illər yazmadıqlarına görə yalnız anlaşılmaz təsir bağışlayacaqdır. Beləliklə də qrafologiya adlı elm də məhvə doğru getməkdədir. Hansı ki, bu elm insan xarakterinin öyrənilməsində böyük əhəmiyyət kəsb edib. İnsanlar var, yazı, xətt yoxdur, deməli, şəxləri xətlərlə öyrənən elm də yoxdur.

Bir neçə il sonra isə bütün bunların acı nəticələri ilə daha çox rastlaşacağıq. Çünki hələlik orta yaş qrupundan olan insanların yazmaq bacarığı, xətti var. Lakin qarşıda bizi əl yazısı olmayan bir gələcək gözləyir.

Hiç yorum yok:

Yorum Gönder

Pages