Böyük Zəfərin addım səsləri eşidilirdi


Bu şəkilləri 31 il əvvəl Füzuli istiqamətində gedən döyüşlər vaxtı çəkmişəm. 
Horadiz qəsəbəsi işğaldan azad edilən gün əsl bayram idi. Hər dəfə bu şəkillərə təzə çəkilmiş kimi, ilk dəfə gördüyüm kimi baxıram. Çünki günlərlə davam edən düşmən hücumunun qarşısının alınması və əks hücum zamanı şəhidlərimiz, yaralılarımız olsa da, heç kim bədbinliyə qapılmamışdı. 1993-cü il dekabrın 11-də Böyük Bəhmənli kəndi ərazisində qəhrəman döyüşçülərimizin irəliləyən düşmən qüvvələrinə qarşı inadlı müqaviməti, düşmən tankı altında  qalsalar da mövqelərini tərk etməyib, şəhadət zirvəsinə ucalması intiqam odunu daha da körükləmiş oldu. Bu döyüş müharibənin gedişində dönüş anı kimi də səciyyələnirdi. Bir sıra xarici dövlətlər tərəfindən hərtərəfli təchiz edilən düşmən ordumuzun bu ruhundan sarsıldı. Ölümlərindən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilən həmin döyüşçülərin vətənpərvərlik nümunəsi müharibədə yazılan qəhrəmanlıq dastanına çevrildi.  Hamıda qələbə əhvalı vardı. Qələbə sağ ikən, zamanı varkən ümidini itirənlərin deyil, canından can, qanından qan itirsə də, son nəfəsində belə amalının izi-sorağı ilə gedənlərin nəsibidir... 
Zamanın arxasında qalan o illərdə şimaldan və cənubdan separatçıların fitnəkarlığına, torpaqlarımızın işğalına, Xocalı soyqırımına, Vətənin bağrında isə vətəndaş qarşıdurmasına məruz qalanda xalqın harayına gələn ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dövlətçiliyimizi təhdid edən təhlükələrin qarşısı alındı, yenidən qurulan Silahlı Qüvvələrimiz düşmənin cəbhəboyu hücumlarını kəsib, əks-hücumla Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələrini azad edərək, milli mənafelərimizi qorumaq üçün hər cür fədakarlıqlara hazır olduğunu təsdiqlədi. Özünə inamı qayıdan ordumuzun əzəməti düşməni lərzəyə salaraq onu tələsik atəşkəs imzalamağa məcbur etdi. 
Böyük Zəfərin addım səsləri eşidilirdi...
Ehtiyatda olan polkovnik İlham Babayev

Hiç yorum yok:

Yorum Gönder

Pages