Səyyad ARAN
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi
"Heç bir valideyin övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz"
Həzrət Məhəmməd
Elm insan fəaliyyətinin xüsusi sahəsidir. Bəşər övladı bu xüsusi fəaliyyət nəticəsində müasir elmi-texnoloji yeniliklərə sahiblənməklə mühüm nailiyyətlərə imza atıb. İnsanın özünü isə psixologiya, anatomiya, fiziologiya kimi elmlər öyrədir - psixologiya insan psixologiyasını, anatomiya orqanizmin quruluşunu, fiziologiya insan orqanizminin funksiyalarını araşdırır. Pedaqogika elminə gəlincə, o, öz əhəmiyyətinə görə sadaladığımız elmlərdən nəinki geri qalır, hətta qeyri-adiliyi və vacibliyi ilə xüsusi məqama sahibdir. Bu elm sahəsi yer üzünün əşrəfi sayılan insanın təhsil-tərbiyəsinin nəzəri və tətbiqi məsələlərini tədqiq edir. Zaman-zaman pedaqogikanın əhatə dairəsi xeyli genişlənib, təlim, tərbiyə, təhsil, inkişaf və pedaqoji proses kimi anlayışlar bu elm sahəsinin əsas tədqiqat obyektlərinə çevrilib.
Ərəb mənşəli "rəbb" sözündən törəyən "tərbiyə" kəlmədə "doğru yol göstərmək", "islah etmək" kimi anlamlar ifadə olunur. Qurani-Kərimdə Uca Yaradanın 99 adından biri kimi bəhs olunan bu kəlmə "tərbiyə edən", "nemət verən", "insanları mənəvi yüksəlişə aparan" mənalarını da özündə əks etdirir. Termin kimi isə o, davranışla əlaqədar mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması prosesidir.
Əvvəlcə onu qeyd edək ki, tərbiyə mövzusunda biri-birindən fərqli, hətta təzadlı müddəalar mövcuddur. Ənənəvi müddəalar arasında Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamül-bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur. Təkamül-bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə, ibtidai insanların tərbiyəvi fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə əsaslanan qayğıya bənzəyir. Onlar hətta heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin şüurlu səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii hadisə hesab edirlər. P.Monro isə tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri şüursuz surətdə təqlidində görürdü.
İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə də bir çox dəyərli fikirlər var. Bu təlimlər insanın meymundan əmələ gəlməsini əsas götürən təkamül nəzəriyyəsini qətiyyətlə rədd edir. Məsələyə bu prizmadan yanaşan tədqiqatçı alimlərin fikrincə, insan elə insan olaraq yaranıb, öz qabiliyyət və keyfiyyət imkanları hesabına inkişaf edərək təkmilləşib. Bu fikirlər son dövrlər aparılmış genetik təcrübələr zamanı da öz təsdiqini tapıb (1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoyub və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilib. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar).
Dahi şəxsiyyətlər, mütəfəkkirlər, o cümlədən, İslam müqəddəsləri də tərbiyəyə böyük dəyər verib, kəlamları ilə məsələinin önəminə diqqət çəkmiş və insanları gözəl əxlaqla tərbiyə etməyə təşviq ediblər.
Məhəmməd Peyğəmbərə görə, uşağın tərbiyəsində məqsəd onun Allahın razı olduğu, bəndənin bəyəndiyi, dövlətinə, vətəninə, millətinə, ailəsinə, cəmiyyətə və bəşəriyyətə faydalı, dürüst və vətənpərvər insan kimi yetişməsidir.
Ümumiyyətlə, insanın övlad sahibi olması böyük məsuliyyət tələb edən olduqca ülvi bir hissdir. Həzrət Məhəmmədin kəlamlarından anlaşılır ki, ana-ata ilə uşaqlar arasındakı münasibətlər həm əxlaqi, həm də hüquqi əsaslarla tənzimlənməlidir. Bu halda uşağa ciddi yanaşmalı, gözəl əxlaqlı yetişməyi üçün hər cür fədakarlıq göstərilməlidir. Allahdan bizə böyük ehsan və lütf olan, gözümüzün nuru, qəlbimizin sevinci və həyatımızın bəzəyi sayılan övladlarımıza gözəl tərbiyə vermək və onları yaxşı əxlaq sahibi şəxsiyyət kimi yetişdirmək müqəddəs vəzifələrimizdən biridir. Buna görə də, övladlarımıza doğulduqları andan ən gözəl əxlaq üzərində tərbiyə etməyə çalışmalıyıq. Onların əllərindən tutaraq gələcəyə hazırlamaq ən vacib hədəflərimizdən biri olmalıdır.
Bunun üçün elə körpəlik dövründən başlayaraq uşaqda sağlam əxlaq formalaşdırılmalıdır. Bu zaman davranış qaydaları hər şeydən əvvəl gəlir. Kiçik yaşlarda uşaqdakı yanlış davranışların qarşısı alınmalıdır. Uşaqlar yaxşı, gözəl davranışlara təşviq edilməlidir. Qurani-Kərimin ifadəsi ilə "Dünya həyatının bəzəyi" (Kəhf 18,46) olan övladlarımız sabahımızı quran dəyərli varlıqlarımızdır.
Həzrət Məhəmmədin kəlamlarından aydın olur ki, ata-ana övladlarına yaxşı örnək olmalı, uşaqlarına xoş və yumşaq davranmalı, ən vacibi isə onlara qarşı sevgi hissi ilə yanaşmalıdır. Düzgün tərbiyə mühiti yaratmalıdırlar. Yaxşı yoldaş seçməkdə onlara kömək etməli və yoldaşları ilə necə davranmalı məsələsində onlara bilik verməlidirlər. Daim şəfqət və mərhəmətə möhtac olan kiçik nəslin nümayəndələri bu hisslərlə əhatələnməlidir. Sevimli Peyğəmbərimiz bir hədisində "Kiçiklərə mərhəmət göstərməyən bizdən deyildir..." və ya "Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin" buyuraraq, uşaqlara qarşı davranışlarımızın təməlində mərhəmət amilini əsas götürür. Bu məsələdə başqa bir hədis diqqəti çəkir: "Bir gün Allahın elçisi, nəvəsi Həzrət Həsəni öpmüşdü. Bunu görən sahabələrdən biri: "Mənim on uşağım var, heç birini öpmədim" demiş, Peyğəmbərimiz isə ona: "Mərhəmət etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz", - deyə cavab vermişdi.
Şübhəsiz ki, insanlar arasında ən ülvi hiss və ən dərin duyğu sevgidir. Buna görə, Peyğəmbərimiz sevdiyimiz insanlara bu duyğumuzu bildirməyi tövsiyə edir. Uşaqlara qarşı olan sevgi və mərhəmət duyğusunun da onlara hiss etdirilməsi çox vacibdir. Bunun ən gözəl yolunu Peyğəmbərimizin həyatında görürük. O, uşaqları yolda görüncə onlara salam verər, saçlarını oxşayar və hal-əhval tutarmış.
Uşağı həyata hazırlamaq, ona gözəl tərbiyə və faydalı biliklər vermək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Peyğəmbərimiz bununla bağlı kəlamlarının birində: "Heç bir ata övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz" - deyə buyurur.
Peyğəmbərimiz başqa bir kəlamında "Valideynin övladına gözəl tərbiyə verməsi onun bir qab sədəqə verməsindən daha xeyirlidr" - buyurmaqla gözəl tərbiyənin sədəqə verməkdən belə üstün olmasına diqqət çəkir.
Vətənpərvərlik və milli-mənəvi dəyərlər
Uşaqlara ilk öncə vətən sevgisinin önəmi daim xatırladılmalıdır. Həzrət Məhəmmədin "Vətəni sevmək imandandır" və ya "Əlində silah vətən kişiyində duran gözlər cəhənnəm atəşini görməz" kimi kəlamları bunun bariz nümunələridir.
Uşağın zehninə yerləşdirilməsi labüd olan ilk və əsas məsələ odur ki, onlar hər şeyin fövqündə, hər şeyə qadir və hər şeyin yaradıcısı olan Allaha ibadət, insanlara hörmət etməyi və sevməyi ən böyük vəzifəsi bilsinlər. Uşaqlara Allahın yalnız çalışqan və ədalətli bəndələrini sevdiyi, yaratdığı hər şeyi, xüsusilə insanları sevməsi və yorulmadan çalışması təlqin edilməlidir. Uşaqların bu inanclara sahib olması onun dürüst, vicdanlı, əxlaqlı, cəmiyətə yararlı və vətənpərvər ruhunda tərbiyə edilməsi deməkdir.
Cəza, mükafat və şəfqət
Peyğəmbərin tərbiyə metodlarından biri də uşaqlara ailə qorxusunu və xəta edəcəkləri zaman cəzalandırılacaqları aksiomasını hiss etdirməkdir. Cəzanın növü uşaqda ağrı verəcək şəkildə olmamalıdır. Bu yüngül, normal bir danlaq və yumşaq səs tonu şəklində olmalıdır. Bu üsulun uşağa təsiri dayağa vərdiş etmiş bir uşağa tətbiq olunan sərt fizika cəzadan heç də az təsirli deyildir. Cəza artdıqca onun uşağa təsiri azalır, bunun uşağı üsyana və qərarsızlığa aparması daha çox müşahidə olunur. Bu baxımdan Məhəmməd Peyğəmbər kəlamlarının birində: "Şübhəsiz ki, Allah hər işdə yumşaq və şəfqətli davranmağı sevər" buyurmaqla uşaq tərbiyəsində mülayim və şəfqətli davranmağı tövsiyə edir.
Cəzanın yaşa uyğun olması və dərhal günahın ardından verilməsi, lağa qoymaq, ələ salmaq, pis ləqəb qoymaq şəklində olmamalıdır. Allah-Təala "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın" çəkindirir (Hucurat surəsi, 11).
Uşağın tərbiyəsində mümkün qədər zorakı metodlardan uzaq durmaq lazımdır. Əgər mütləq cəza vermək lazımdırsa, cəzanın mənası və səbəbi uşaq tərəfindən mənimsəniləcək bir vaxtda olmalıdır. Uşaq hətta qohum-əqrəbanın da yanında cəzalandırılmamalıdır. Ona başqalarının yanında qəlbinə dəyəcək söz belə deyilməməlidir. Bu, psixoloji cəhətdən uşağa mənfi təsir göstərir, o, özünü başqalarının yanında alçalmış kimi hiss edir. Uşaq bir söz dedikdə ona "Uşaqsan, otur uşaq yerində" kimi sözlər deyərək sözünün qəbul olunmaması, eyni zamanda məclislərdə, ictimai yerlərdə təhqir olunması uşağın həm tərbiyəsinin pozulmasına, həm də ruhi cəhətdən sarsıntı keçirməsinə, inamsız, ümidsiz, qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətə gəlməsinə səbəb olur.
Mükafatlandırmaq və aldatmamaq
Həzrət Məhəmməd kəlamlarında bu xüslara da diqqət çəkmiş, bir gün öz uşağanı hədiyyə adı ilə çağırıb onu verməyəcəyindən ehtiyat etdiyi səhabəsini bu xüsusda ciddi xəbərdar edir. Mükafatın uşaq tərbiyəsində heç şübhəsiz ki, müsbət təsiri var. Lakin bu, xüsusi diqqət tələb edən bir haldır. Hər şeydən əvvəl uşaq yaxşı bilməli və inanmalıdır ki, dürüst, mərd, çalışqan, fədakar və namuslu, daha doğrusu, gözəl tərbiyə sahibi olmaq, üstünlük vahidi deyil, insanın ali keyfiyyətlərindəndir. Uşaq bilməlidir ki, çalışması, cavabdehlik daşıması, işə məsuliyyətlə yanaşması, məktəbdə yaxşı oxuyub sinifdən-sinifə keçməsi onun adi vəzifəsidir. Mükafat qeyri-adi uğurdan sonra verilməlidir. Hər yaxşı və gözəl əməldən, asan uğurlardan sonra mükafat almağa aludə olmuş uşaqda məsuliyyət hissi formalaşmaz, o, öz şəxsi mənfəətini güdən fərdə çevrilər.
Ayrı-seçkilik etməmək, ədalətli olmaq
Övladları tərbiyə edərkən aralarında bərabərliyi qorumaq və onların arasında qız, yaxud oğlan fərqi qoymadan ədalətli olmaq hər bir valideyn üçün vacibdir. Həzrət Peyğəmbər bu mövzuda: "Övladlarının bəzilərinə bir şey verdikdə, digərlərinə də eynisini vermək lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq mümkündür" - buyurmaqla onların ədalətli bir insan kimi yetişdirilib tərbiyə edilməsinə diqqət çəkir.
Həzrət Məhəmməd başqa bir kəlamında: "Kimin üç qız övladı olarsa və dolanışıqlarını təmin edərək onları ən mükəmməl əxlaq üzərində tərbiyə edərsə, cənnət onundur" - buyurmaqla qız övladının tərbiyəsinin xüsusiliyini vurğulayır.
Övladlar arasında fərq qoymaqla tərbiyə olunması gələcəkdə onların birinin digərinə həsəd aparmasına, nifrət bəsləməsinə və qəzəbli yanaşmasına səbəb ola bilər.
Əgər qardaşlar arasında həsəd və nifrət varsa, deməli, onların qohumluq əlaqələri qırılmış hesab olunur. Belə halda onlar bir-birinə dayaq olmaqdan imtina edər, düşmənçilik və nifrət hissi bəsləyərlər. Digər tərəfdən övladlar arasında fərq qoymaq, onların valideynin üzünə ağ olmalarına da səbəb ola bilər.
Oyun və oyuncaqlar
İslam Peyğəmbərinin mövzu ilə bağlı kəlamlarında diqqət çəkən başqa bir xüsus oyun və oyuncaqlarla bağlıdır. O, uşaqları bəyənilməyən vərdişlərdən çəkindirmək və tərbiyəsini daha da gözəlləşdirmək üçün onlara müxtəlif materiallardan düzəldilmiş oyuncaqlar verər, güləş yarışlarının keçirildiyi yerlərə apararmış. Mütəxəssislər də oyun və oyuncaqların uşağın diqqətini çəkmək və əqli inkişafını, ətrafa marağını artırması baxımından faydalı olmasını vurğulayırlar.
Daxildən gələn maraqdan uşaqlar oyuncaqların işləmə mexanizmini bilmək, içərisində nə olduğunu görmək istəyirlər. Uşağın belə davranışı onun psixi inkişafına təkan verdiyi üçün onlara mane olunmamalı və "oyuncağını xarab etdi, qırdı" deyərək cəzalandırılmamalıdır. Lakin tez-tez oyuncağını qıran və xarab edən uşağa yenisi alınmamalı, oyuncaqdan isifadə və onun qeydinə qalmaq qaydaları öyrədilməlidir.
Oyunlar uşağın yalnız fiziki deyil, ruhən inkişafına da təsir göstərir, çevikliyi, ani qərar verməyi öyrətdiyi kimi, iradəni də qüvvətləndirir. Oyun qaydaları və incəlikləri şüurun inkişafına səbəb olur.
Böyüyə hörmət
Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında özündən böyüyə hörmət, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Yaşlı nəslə hörmət etməyən dürüst ola bilməz. Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır. İslam Peyğəmbəri bu xüsusda: "Allah o ata və anaya rəhmət etsin ki, övladlarını ata və anaya yaxşılıq etmək ruhunda tərbiyə ediblər" - buyurmaqla övladın yaşlı nəslə hörmət ruhunda tərbiyə olunmasına təşviq edir.
Uşaqların təlim-tərbiyəsi cəhətindən Azərbaycanın təbiəti, bədii incəsənət əsərləri, milli, bəstəkar musiqisi öz milli zəmini üzərində yüksəlib, qabaqcıl dünya mədəniyyətinin ən gözəl ənənələrindən bu və ya digər dərəcədə bəhrələnib, daha da inkişaf edərək müasir şəklini alıb. Bununla belə, hesab edirik ki, uşaqların inkişafı, tərbiyəsi və təhsili haqqında dünya mütəfəkkirlərinin, o cümlədən, Həzrət Peyğəmbərin kəlam və nəzəriyyələrini öyrənmək, tədqiq etmək, müasir iş prosesində bundan bəhrələnmək çox faydalı olardı.
Hiç yorum yok:
Yorum Gönder