20 dekabr Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Riad Əhmədovun doğum günüdür.
Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına İnstitutu nəzdindəki kurslarda dinləyici olub. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.
30 sentyabr 2023-cü onunla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunub. Əfsanəvi döyüşçü İkinci Fəxri Xiyabanda dəfn edilib.
Hiç yorum yok:
Yorum Gönder