Ötən gün Rəcəb Tayyib Ərdoğanın “dünyada iki lider qaldıq – bir mən, bir Putin” sözləri anında beynəlxalq medianın gündəmini zəbt etdi. Türkiyə lideri hansı siyasi düşüncə və məntiqlə bu ifadəni işlətdi?
Bu, diplomatiya baxımından o qədər də məqbul ifadə sayıla bilməz: eqoizim də yox deyil. Ancaq bu ifadələrin hədəfi və məqsədi var – Ərdoğan da “özüm olduğum üçün deyil, olanı deyirəm” ifadəsi ilə buna eyham vurdu.
Ərdoğanın Şröyderi xatırlaması, ona hörmətini bildirməsi, sabiq kanslerin onun yanında içki içmədiyini, sayğı göstərdiyinə vurğu etməsi təsadüf deyildi. Mahiyyət - dünya liderlərinin bir-birinə münasibəti, sayğı göstərməsi, ən vacibi, sözünün ağası olması, verdiyi vədi yerinə yetirməsinə hədəflənmişdi.
Putin dəfələrlə deyib ki, Ərdoğan çətin tərəfdaşdır, öz dövlətinin milli maraqlarını sərt şəkildə müdafiə edir, ancaq söz verdisə, mütləq, nəyin bahasına olursa-olsun, əməl edir!
Eyni sözləri Ərdoğan da Putin haqqında deyib!
“Dünyada ikimiz qaldıq” ifadəsinin altındakı ilk məna budur!
İkincisi, Türkiyənin milli hədəfləri uğrunda gözünü qırpmadan ən sərt şəkildə hərbi müdaxilədən belə çəkinməməsidir. Söhbət əlbəttə ki, Suriyada baş verən son proseslərdən gedir.
Dünyanın bir çox eksperti Türkiyənin “Astana platforması”nın əleyhinə gedərək, Suriyanı tam nəzarətə götürdüyü və bu formatda əməkdaşlıq etdiyi Rusiya və İranı meydandan sıxışdırıb çıxartdığı barədə açıqlama verərkən, Ərdoğan Putinə xüsusi münasibətini elan etdi və bu məsələnin heç də deyildiyi kimi olmadığını göstərdi.
Ərdoğan Rusiyanın təklifi və vasitəçiliyi ilə Suriya məsələsini müzakirə etmək üçün dəfələrlə Bəşər Əsədlə görüşə hazır olduğunu dilə gətirdi və bu, aylarla davam etdi. Yalnız Bəşər Əsədin qəbuledilməz tələblərindən sonra Ərdoğan qəti qərar verdi. Nə ASO, nə də ASO-nun və türkmanların dəstək verdiyi “Heyət Təhrir əş-Şam” qruplaşması Suriyada cəmi 12 günlük yürüşlə bu qədər böyük uğuru hesablamaq imkanındadır. Planı hazırlayan onların arxasındakı böyük gücdür və bu gücün artıq kimliyi müzakirə mövzusu belə deyil. Silahlı müxalifətin daha üstün hərbi texnologiyadan istifadə etməsi, ələ keçirilən şəhərlərdə həm də Türkiyə bayrağının ucaldılması da çox mətləbdən xəbər verir.
İrandan fərqli olaraq, Rusiya bu əməliyyat zamanı Türkiyənin ünvanına ağır ittihamlar səsləndirmədi, Arakçının xüsusi diplomatik fəallığı və Türkiyə ilə razılaşmaya dəfələrlə cəhd etməsi fonunda Lavrovun fövqəladə aktivliyi də görünmədi.
Bu, Putinin əvvəlcədən məlumatlı olması və söz verdiyinin əlaməti idi – zatən Bəşər Əsəd Rusiyanın təklifindən imtina etmişdi.
Toqquşmaların ilk günündə ən ciddi, Rusiya üçün həyati əhəmiyyətli məsələ Suriyadakı bazalarının taleyi idi – artıq “Təhrir əş-Şam” bu bazaların təhlükəsizliyinə təminat verdiyini rəsmən elan edib, demək, Ərdoğan da verdiyi sözü tutdu!
Digər və daha mühüm məqam isə Türkiyənin öz milli maraqları və tarixi əraziləri üçün “Rusiya kimi” mücadiləyə hazır olmasına işarədir. Ərdoğan bununla sanki Suriyada tarixi torpaqlar mövzusunun gündəmdə olduğuna diqqət çəkir və bunu bütün dünyaya elan edirdi.
Yeri gəlmişkən, Türkiyədə artıq Hələb, Mosul, Kərkük də daxil olmaqla, bir çox ərazini əhatə edən və “Misak-i Milli” xəritəsi ciddi müzakirə olunur.
Türkiyə dərin dövlətinin önəmli siması Baxçalının “İndi anlaşıldımı niyə 82 Kərkük? İndi bəlli oldumu niyə 83 Mosul? Bugündən 84-ü deməyək, çünki onda 85-in həyəcanı qalmaz” ifadələri də Türkiyə sosial şəbəkələrini başına alıb.
Hiç yorum yok:
Yorum Gönder