Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərov 10 dekabr 1974-cü ildə Ukraynanın Makeevka şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Ramiz 1981-1985-ci illərdə Sumqayıt şəhər 17 nömrəli, 1985-1989-cu illərdə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsilə yiyələnib. 2004-cü il martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda NATO-nun "Əməliyyat heyəti zabitləri" kursunda olmuşdur. Alman, ingilis və rus dillərini sərbəst bilirdi.
Nümunəvi xidmətinə görə "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik yubileyi, "Azərbaycan Ordusunun 100 illiyi" və "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif edilmişdir.
Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Polkovnik-leytenant Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Ramiz 2020-ci il noyabrın 6-da qələbəyə iki gün qalmış Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. II Şəhidlər xiyabanında dəfn olunub. Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalmışdır.
Şəhidin xanımı Sitarə Cəfərova Ramiz Cəfərovun igidliyindən söz açaraq onun Azərbaycan torpaqlarının azadlığı uğrunda böyük şücaət göstərdiyini bildirir: "Sentyabrın 26-sı səhər saat 5-də bizimlə sağollaşıb getdi. Bildirdi ki, təlimlərə qatılacaq və ondan narahat qalmayaq, ola bilsin ki, təlim çox çəkəcək. Müharibə başladı. Ramizlə bir həftə sonra əlaqə saxlaya bildik. Yaxşı olduğunu, hər şeyin yolunda getdiyini, qələbənin bizimlə olduğunu deyirdi. Sonuncu zəngi oktyabrın 30-u oldu. Dedi, "Şuşaya çıxırıq, salamatlıqdır, burada zəng etməyə imkan yoxdur, mümkün olan kimi əlaqə saxlayacağam. Səsindən çox yorğun olduğu hiss edilirdi. Ondan sonra yoldaşım haqqında heç bir məlumat ala bilmədik. Noyabrın 8-i şəhid xəbəri gəldi. Ramizin ən böyük sevgisi Vətən idi, o, Vətəni seçdi".
Şəhid polkovnik-leytenantla sonuncu dəfə Şuşada görüşən XTQ döyüşçüsünün xatirəsindən: "Mən noyabrın 5-i Şuşaya hücum zamanı yaralandım. Hərbi hissə komandiri, Ramiz Cəfərov və onun digər müavini döyüşü idarə edə-edə arxadan gəlirdilər. Onlar bölmələri yoxlayırdılar, nəzarət edirdilər. Mənə yaxınlaşıb nə baş verməsi ilə maraqlandılar. Bildirdim ki, ayağımdan açıq qəlpə yarası almışam və olduğum mövqedə gözləyirəm ki, əks-hücum olarsa, atış edim. Ramiz mənə dedi ki, təxliyə gələndə gedərsən, yaralısan, indi getməsən, iki-üç gün sonra ağırlaşacaqsan, səni kimsə aparmalı olacaq. Noyabrın 6-sı günortadan sonra mən yüksəklikdən aşağı düşməyə başladım. Ermənilər minomyotla oranı səhər saatlarında vurdu, 6 nəfər şəhid oldu. Hava qaraldı, erməni minomyotu həmin dikin üstünü bir də vurdu. Oradan bizim yanımıza yenə yaralı, şəhid gətirdilər. Digər qrup isə onları aşağı aparırdı. Onda eşitdim ki, Ramiz qardaşım şəhid olub. Bir neçə saat əvvəl mənimlə danışan adam artıq həyatda yox idi. Çox pis oldum. Söhbət əsnasında demişdi ki, müharibə bitsin, qızıma toy edəcəyəm. Çox böyük arzuları var idi".
Şəhidin əmisioğlu Fərrux Cəfərov: "Elə yerlər olub ki, orada əlbəyaxa döyüşüblər. Hadrutda meşəlikdə 5 nəfərlə 78 erməni hərbçisini öldürüblər. Mühasirəyə alıb, hamısını qırıblar. Danışırdılar ki, Ramiz çox cəld idi. Balta ilə erməninin birini necə vurubsa, düşmən tətiyi çəkməyə belə imkan tapmayıb. Onun mina təmizləmək üçün beli var imiş. O ülgücdən də iti olur. Ramizin qəhrəmanlıqları çoxdur. Şuşaya qalxmaq özü bir qəhrəmanlıqdır. Hər adam ora gedib çıxa bilməzdi. Şuşanı görməyi çox istəyirdi, bu, ona qismət oldu. Dostları "Qartal" ləqəbi vermişdilər. Ryazanda oxuyanda paraşütlə tullanıblar. Ramizin paraşütünün ipləri dolaşıb, həmin vaxt özünü itirməyib, elə göydəcə vəziyyətdən çıxıb. Qoçaqlığına görə belə ad vermişdilər".
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Ramiz Sübhan oğlu Cəfərovun adı verilmişdir. 2021-ci il fevralın 19-da İctimai TV-də Ramiz Cəfərova həsr olunan "Bir Şuşa qəhrəmanı" sənədli filmi təqdim olunub.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.
Hiç yorum yok:
Yorum Gönder