Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirləri yaymaqda davam edir.
“Fedai.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin dünya gündəmini dərindən maraqlandıran, eləcə regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri ərəbdilli media qurumları tərəfindən də geniş işıqlandırılıb.
Birləşmiş Ərəb Əmirliklərinin “Nabd” portalında dərc olunan yazıda dövlət başçısının Azərbaycan-Ermənistan münasibətləri haqqında fikirlərinə diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişi ilə bağlı 15 bənd üzrə razılığa gəlindiyini, 2 bəndin isə razılaşdırılmadığını qeyd edib. Bildirib ki, sülh sazişinin imzalanması üçün sərhəddə başqa dövlətin nümayəndələri və ölkələrin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır.
Tunisin “News” nəşri qeyd edir ki, Azərbaycan Prezidenti Gürcüstanda baş verən hadisələrdə Makronun da əlinin olduğunu bildirib. Vurğulayıb ki, Makron öz ölkəsində rahat durmur və Gürcüstana da əl atır.
Ərəbdilli “Addiyar” portalı isə dövlət başçısının Rusiya-NATO əlaqələrinə dair münasibətinə diqqət çəkib. Portalda Azərbaycan Prezidentinin NATO-Rusiya qarşıdurmasının dünya üçün çox fəlakətli nəticələrə səbəb olacağı barədə fikrini xüsusi vurğulayıb: “Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”.
Əlcəzairin “Al Cazair Al Youm” qəzetində dərc olunan məqalədə Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun uğursuz siyasəti barədə tənqidi fikirlərinə xüsusi yer ayırıb. Dövlətimizin başçısının “…Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir” fikrinin sitat gətirildiyi məqalədə Prezident İlham Əliyevin diktatura adlandırdığı Makron rejiminin daxili siyasəti, eləcə də Mayotda və Yeni Kaledoniyada neomüstəmləkəçi addımlarını sərt tənqid etdiyi, Parisin böyük diplomatik uğursuzluqlar yaşadığını qeyd etməsi vurğulanıb.
Misirdə yayımlanan “Al Vasat Al Arabi” nəşri isə dövlət başçısının Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün Qərb dövlətlərindən, xüsusən ABŞ-dan siqnal gözləməsi, həmçinin Makronun uğursuz siyasəti ilə bağlı fikirlərinə yer verib.
Türkiyənin Anadolu Agentliyində, “Yeni Şafak”, “Daily Sabah” qəzetlərində, “Turkish Minute” nəşrində, İndoneziyanın “Islam Times”, “Islam Today” portallarında, Krım Xəbər Agentliyində, İranın Mehr Agentliyində, eləcə də Stratfor Fondunun saytında, həmçinin “usmuslims.com”, “eadaily.com portallarında yer alan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı barədə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə dövlətimizin başçısının iki qardaş ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyəyə çatdığı, ölkələrimiz arasında Müttəfiqlik haqqında Bəyannamənin imzalandığı, Azərbaycan Ordusunun Türkiyə ordusu nümunəsində modernləşdirilməsi, birgə hərbi təlimlərin uğurla təşkil olunması barədə fikirlərinə geniş yer verilib. Bununla yanaşı, yazılarda Azərbaycan Prezidentinin ölkəmizin ərazisində Türkiyənin hərbi bazasının yaradılmasına lüzum qalmaması barədə fikri xüsusilə ön plana çıxarılıb.
Prezident İlham Əliyevin fikirləri Serbiya mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “Vaseljenska” saytı dövlət başçısının Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırdığı, Ermənistanla bağlı, eləcə də Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunduğu, ölkəmizlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını vurğuladığı bildirilir.
Hiç yorum yok:
Yorum Gönder