Polkovnik Salman Musayev – Mənalı ömür yolu




Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində işlədiyim vaxtlarda  polkovnik Salman Musayevlə uzun illər görüşə bilməmişdim. Amma  ara-sıra zəngləşir, müxtəlif məsələlərdə bir-birimizin fikrini öyrənirdik. Mart ayında zəngləşəndə ona təqaüdə çıxdığımı dedim. Təbrik edib, məni qrupa əlavə edəcəyini dedi. Amma nə qrup idi, necə olacaqdı heç nə soruşmadım. Bir də votsapa baxanda özümü yeni qrupda gördüm. Votsap üzərindən yaradılmış qrupu Salman müəllim idarə edir. Bura Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının veteranlarının virtual görüş yerinə çevrilib. Uzun illər birlikdə çalışıb, sonradan təqaüdə çıxan, hərəsi ölkəmizin bir bölgəsində, ucqarlarda yaşayan veteranlar bu gün də bir yerdə imiş kimi rahat ünsiyyət qurur, bir-birilərinin səhhəti, qayğıları, xeyri-şəri ilə maraqlanır, ehtiyacı olana yardım edilir, lazımi kömək göstərilir. Hamı biri-birini doğum günü, həyatının əlamətdar hadisəsi, bayramlar münasibəti ilə təbrik edirlər. Məkan məsafəsi keçmiş silahdaşların gündəlik ünsiyyətinə heç bir mane olmur. Ən başlıcası Salman müəllim qrupu az qala saatda bir yeniləyir, vacib yazıları, məlumatları paylaşıb, veteranları, ehtiyatda  və istefada olan hərbi vəzifəliləri məlumatlandırır.  Bir sözlə heç kəs özünü tək hiss etmir, bədbinliyə qapılmır. Belə deyim, bu canlı bağlantı, çox gərəkli, gözəl təşkil olunmuş bir işdir. 

O, vaxtdan başlayaraq xidməti işimlə bağlı illərlə görüşə bilmədiyim dost-tanışlarla indi vaxtaşırı görüşürük, xeyirdə-şərdə bir yerdəyik. Ötən gecə qrupa baxanda isə polkovnik Salman Musayevə doğum günü-65 illiyi ilə əlaqədar təbrikləri görüb, əvvəlcə tez bir təbrik yazmaq istədim. Amma ha özümü kökləmək istədimsə də, fikir -xəyal məni dağdan-arana, arandan dağa aparıb çıxardı. Gah qızmar gündən qovrulub tər tökdüm, gah da dizə qədər qara batıb üşüdüm... Əkrəm Əylisli demiş, "ürək yaman şeydi". 

Polkovnik Salman Musayev haqqında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin "Fədai" qəzetində qurumun Mətbuat Xidmətinin geniş bioqrafik yazısı var. Mənsə yubilyar barədə tanıdığım, gördüyüm, bildiyim kimi yazmaq istədim. 

Ötən əsrin 90-cı illərinin əvvəlləri  1995-ci ilin mart dövlət çevrilişi cəhdi də daxil olmaqla dövlətçiliyimizin sərt sınaqlarla üzləşdiyi dövr idi. Bütün təhlükələrin, təbii fəlakətlər də daxil olmaqla qarşısının alınmasında Daxili Qoşunlar öndə olurdu. Qoşunlarda isə hər daşın altına əlini qoyacaq zabitlərdən biri Salman Musayev idi.  

Daxili Qoşunlarda xidmət etdiyim illərdə vaxtaşırı əməliyyat növbətçisinin köməkçisi kimi sutkalıq xidmətdə olurdum. Müşahidə etmişdim ki, işə ən tez  Salman müəllim gəlirdi, ən gec də o gedirdi. 1993-cü ilin yayı yaranmış böhranlı vəziyyət ucbatından daha da gərginləşmişdi. Bir tərəfdən cəbhədə düşmən hücumları genişlənir, digər tərəfdən şimal və cənubda separatçılıq güclənir, ölkənin qərbində isə vətəndaş qarşıdurması yaşanırdı. Bir sözlə dövlətçiliyimiz parçalanmaq, məhv olmaq təhlükəsinin astanasında idi. Hərbçilərin gecəsi-gündüzü yox idi. Salman Musayev demək olar ki fasiləsiz, istirahətsiz Baş İdarədə olurdu. Nə yaxşı ki ulu öndərimizin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı bizə Qurtuluş şərəfini yaşatdı, bizi təqib edən sınaqlardan ləyaqətlə çıxa bildik. Və gücümüzü toparlayıb, həmin ilin sonlarında Füzuli istiqamətində əks-hücum əməliyyatına hazırlandıq.  

Beyləqan-Füzuli bölgəsinə gəldiyimiz gün güclü qar yağmışdı. Ertəsi gün ətraf dizəcən qarla örtülmüşdü. Salman müəllim adını unutduğum bir zabitlə ön mövqeləri yoxlamağa gedəndə mənə də getməyi təklif etdilər. Həvəslə qoşuldum. Ətəyindən kanal keçən bir yüksəkliyə çıxası olduq. Bir balaca büdrəməklə sağ qalma ehtimalı sıfıra bərabərləşərdi. Həmin gün çox enişdən -yoxuşdan keçdik, ön cəbhə Qərargahına bir də axşam qayıda bildik. Onda yadımıza düşdü ki, səhərdən heç bir qurtum su da içməmişik...

Salman müəllim döyüş hazırlığına dair lazım bildiyi materialları vaxtaşırı dərc olunması üçün "Əsgər" qəzetinin redaksiyasına təqdim edirdi. Hərbi hissələri yoxlamağa gedəndə də fikir verirdim, nizam-intizam, döyüş bacarığı qədər əsgərlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət yetirirdi. Elə Baş İdarənin zabitlərindən də ilin yekununda himni oxuya bilməyənlər imtahandan keçə bilmirdi...

Söz çox, xatirələr bol. Daha sonrasına qalsın. Əsas deyilməli də budur ki, bu illər ərzində Salman müəllim bir çox vəzifələrdə ona göstərilən etimadı ləyaqətlə doğrultdu, tamahkarlıq, hərislik, intriqa və sair neqativ hallara baş qoşmadı, nəfsini qorudu. 

Hörmətli Salman Musayevi 65 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona həmişə sağlam, gümrah olmağı, gənclik həvəsi ilə çalışmağı, arzularına, hədəflərinə çatmağı arzulayıram.

Dərin hörmətlə və səmimiyyətlə : Azərbaycan Respublikasının Polis Veteranı və Müharibə Veteranı polkovnik İlham Babayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages