Dövlətləri və xalqların dünyaya daha yaxından tanıdan tarixi və milli-mədəni dəyərləri ilə yanaşı, həm də onların müdrik və görkəmli siyasi liderləridir. Məhz belə liderlər öz siyasi və dövlətçilik fəaliyyətləri ilə tarixi proseslərə təsir göstərir, onların inkişaf istiqamətlərini müəyyənləşdirir, əməlləri ilə təmsil etdikləri xalqın qürur mənbəyinə çevrilirlər. Parlaq ideyalarının, siyasi-diplomatik fəaliyyətlərinin nəticəsi olaraq onlar dövlətin tərəqqisində, xalqın birliyində həlledici rol oynayırlar.Heydər Əliyev dövlətimizin təməl prinsiplərini və inkişaf yollarını müəyyən etdi
Siyasi liderlərin fəaliyyətlərinin nəticələri barədə tarixdən çoxlu misallar gətirmək olar. Olduqca qürurvericidir ki, müasir və müstəqil Azərbaycan dövlətinin müasir yüksəliş nümunəsində müdrik siyasi liderlərin dövlətlərin və xalqların taleyindəki böyük rolu aydın görünür. Bəli, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və ötən 21 ildə möhtərəm Pezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi siyasi liderlərin xalqların taleyindəki rolu barədə dolğun fikir yürütmək üçün böyük mənbədir.
Əgər Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrar üzvündən öndə gedən, inkişaf etmiş sənaye respublikasına çevirmişdisə, 90-cı illərin əvvəllərində müstəqilliyimizi qorudu, respublikamızın parçalanmasının qarşısını aldı. Və bu gün hər kəs belə bir həqiqəti bölüşür ki, əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının tamamilə fərqli və həm də faciəli taleyi və tarixi yazıla bilərdi. Çünki həmin dövrdə AXC-Müsavat hakimiyyətinin yürütdüyü yarıtmaz siyasətin, onların milli xəyanət yolunu tutmasının nəticəsi olaraq respublikada yaranmış dərin siyasi xaos, separatizmin baş alıb getməsi və Ermənistanın işğalçılıq planlarının genişlənməsi başqa cür düşünməyə əsas vermir.
Yalnız Heydər Əliyevin siyasi müdrikliyinin nəticəsi olaraq siyasi böhran aradan qaldırıldı, müstəqilliyimiz və dövlətçiliyimiz üçün yaranmış bütün təhlükələr dəf edildi. Ulu Öndər görkəmli dövlət xadimi kimi özünün zəngin siyasi və idarəçilik təcrübəsinə söykənərək mütərəqqi dövlət quruculuğunu uğurla həyata keçirdi, iqtisadi tənəzzülün qarşısını alaraq, iqtisadi inkişafın əsasını qoydu. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dünyada tanındı. Dünyanın tanınmış neft şirkətləri məhz Heydər Əliyevə inanaraq «Əsrin müqaviləsi»nə qoşuldular, ölkəmizə sərmayə yatırdılar.
Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq onların müəyyən prinsiplərə söykəndiyini görərik. Təsadüfi deyil ki, Heydər Əliyev həm də müasir Azərbaycanın təməl prinsiplərini müəyyən etdi. Bunlardan birinisi müstəqil dövlətçilik, azərbaycançılıq, qanuçuluq, siyasətdə varislik və sosial ədalət prinsipləridir.
Böyük siyasətin layiqli davamçısı
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi varisini yetişdirməsidir.
Hələ 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi ilk dəfə Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ötən 21 ildə müdrik rəhbərliyi ilə verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan cənab Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Prezident İlham Əliyev ötən 21 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Bu baxımdan qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 21 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 21 il ərzində ölkəmiz ən şanlı dövrünü yaşayıb və bundan sonra da yaşayacaqdır. Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha öz təsdiqini tapır: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu sözlər Ümummilli Liderin uzaqgörənliyini və müdrik seçimini ifadə edir. Ulu Öndərin dediyi kimi, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada söz sahibinə çevrilən ölkələr sırasına daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas vəzifələrdən biri kimi qoyan İlham Əliyev ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirmək üçün qətiyyətlə çalışır.
Onu da qeyd edək ki, davamlı inkişafı təmin edən Prezident İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və iqtidar-xalq vəhdətinin daha da güclənməsinə nail olub. Diqqəti çəkən siyasi məqamlardan biri də odur ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim edib.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu dövrdə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib, nəhəng transmilli, energetika layihələri reallaşdırılıb. "Zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan demokratik və hüquqi dövlət kimi inkişaf edib. Heydər Əliyev siyasətinə söykənərək ölkəmizin uğurlara imza atdığı bu illər Azərbaycan tarixinin ən parlaq dövrüdür. Azərbaycan Prezidenti fəaliyyətinin bütün sahələrində milli və dövlətçilik maraqlarını öndə saxlayıb, Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirib.
Xalqa və dövlətçiliyə layiqli xidmətin nümunəsi
Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Bu baxımdan ötən 21 ilin əsas həqiqətlərindən biri də budur ki, Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət yürüdür.
Bütün bunların fonunda Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, Sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Vaxtilə müharibə şəraitində yaşayan ölkəmizin bütün sahələrindəki davamlı inkişaf Prezident İlham Əliyevin qarşısına qoyduğu məqsədləri uğurla yerinə yetirdiyini göstərir.
Prezident İlham Əliyev ictimai rəyi nəzərə alır və ölkədəki ictimai-siyasi durumu düzgün qiymətləndirir. Bunlara əsasən də strateji hədəflərini, taktiki gedişlərini, idarəçilik aparatını davamlı təkmilləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir. Dövlətimizin başçısının gələcəyə baxış konsepti çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Bu, yalnız iqtisadi və siyasi aspektləri deyil, həm də milli dəyərlər sistemi olan geniş mənəvi spektri əhatə edir. Cənab İlham Əliyev dövlətin inkişafında müasir dövrün çağırışlarını nəzərə alıb həm də xalqımızın milli identikliyinin sütunlarını möhkəmləndirir.
Prezidentin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır. Siyasətinin əsasında Azərbaycan xalqının maraqlarını müdafiə etməyin vacibliyinin dayandığını söyləyən cənab Prezident xalqın rifah içində, təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni edir. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atır. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması kimi faktorlar bunun əyani sübutudur. Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasət nəticəsində işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bu sahədə əldə olunmuş nailiyyətlər bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması da bu sahəyə cənab Prezidentin qayğısını bir daha təsdiq edir.
Azərbaycan mütərəqqi yolla yüksəlir və ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Vətəndaşların rifahının yaxşılaşdırılmasını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyev onların sosial, iqtisadi əmin-amanlıqlarını qoruyan sistemin möhkəmlənməsi üçün cəmiyyətin bütün sferalarında geniş islahatlar aparır.
Hər bir xalqın genetik yaddaşını möhkəmləndirmək, mənəvi irsini və əxlaqi dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək kimi çətin missiyanın yerinə yetirilməsi uzaqgörən liderlərin fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə gedərək, göstərdikləri tarixi fəaliyyətlə rəhbərlik etdikləri dövlətlərin mütərəqqi yolla inkişafına nail olurlar. Bu baxımdan Prezident İlham Əliyev xalqımızın milli-mənəvi bütövlüyünün təmin olunmasında özünəməxsus yer tutan milli şüurun inkişafını daim diqqət mərkəzində saxlayır ki, bu da təsadüfi deyildir. Çünki milli şüur hər bir insanın mənsub olduğu xalqa bağlılıq hisslərini möhkəmləndirməklə milli özünüdərketmədə ciddi rol oynayır. Prezident İlham Əliyev xalqımızın mənəvi tərəqqisinə, milli özünüdərkin və qürur hissinin güclənməsinə Azərbaycanın inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşır.
Şərəfli tariximizin yaradıcısı
Əsrə bərabər 21 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyev Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev öz qüdrətli ordusunu yaratdı, qələbə qazandı və işğaldan azad edilmiş ərazilərimizə səfərlər edərək möhtəşəm Zəfərini bütün dünyaya bəyan etdi. Böyük Qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində əldə edildi. Sadalanan keyfiyyətlər nəticəsində hərb meydanından əlavə, siyasi və diplomatik arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi. Hamımız qürurla şahidi olduq ki, İlham Əliyev beynəlxalq KİV vasitəsilə erməni faşizminin mahiyyətini bütün dünyaya göstərdi. Xalqın etimadına, haqq yolunda ədalətə söykənən lider tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyevin adı möhtəşəm Zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.
Azərbaycan dövləti torpaqlarımızı erməni işğalçılarından azad etməklə bölgədə yeni reallıq yaratdı və 27 il BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda ermənilərin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş torpaqlarımıza qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması və uğurla başa çatdırılması nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazilərimizdə qanunsuz məskunlaşmış erməni separatçılarının şərtlərimizi qəbul edərək təslim olmaları qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı, tariximizin növbəti şərəf səhifələri oldu. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəlib
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən Prezident İlham Əliyev özünün müdrik fəaliyyəti ilə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsinin müəllifidir. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin davam etdirilməsi nəticəsində ölkəmiz bu gün dövlət kimi dünyada böyük nüfuz qazanıb.
Məhz yuxarıda qeyd edilənlərin nəticəsidir ki, Prezident İlham Əliyev 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərinin qalibidir. Bir məsələni də qeyd etmək yerinə düşər ki, Siyasi liderə inam onun hakimiyyət səlahiyyətlərinin legitimliyində və cəmiyyətdə böyük nüfuz qazanmasında xüsusi yer tutur. Xüsusilə seçkilər liderə inamın hansı səviyyədə olduğunu sübut edən göstərici rolunu oynayır. Cəmiyyətdə gedən proseslərə obyektiv mövqedən yanaşması və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması siyasi liderin böyük uğurlar əldə etməsinə yol açır. Seçicilər, adətən, elə siyasi lideri dəstəkləyirlər ki, onun ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab verir. Siyasi liderin nüfuz qazanması üçün ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşıb onları həll etməsi vacib şərtdir. Buna görə də Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı onun müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir və bunun əsasında siyasi elektoratın rasional seçimi dayanır.
Dövlətimizin başçısının apardığı düşünülmüş və milli maraqları ehtiva edən siyasi kurs xalqımızı şanlı dövlətçilik tariximizin ən uğurlu illərini yaşatmaqla yanaşı, Azərbaycanın regionun aparıcı dövlətinə, dünyada söz sahibinə çevirib. Ötən ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bunu bir daha təsdiq etdi. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərlərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəltməklə yanaşı, Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı böyük siyasi-diplomatik uğur kimi tarixə düşdü. Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi isə respublikamızın növbəti mühüm diplomatik nailiyyəti oldu.
Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq miqyasda sürətli inkişaf yolunda olan, dünyadakı aktual problemlərin həllinə töhfələr verən dövlətlərdən biri kimi tanınır. Dünya Azərbaycanı həm də torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyır. Ona görə Prezident İlham Əliyev Azərbaycanın şərəf tarixini yazan və yaradan Müzəffər Liderdir.
Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Hiç yorum yok:
Yorum Gönder