Müharibələri lənətləyən monotamaşanın təqdimat mərasimi keçirildi
Müharibə kimlər üçünsə qazanc mənbəyi, kimlər üçünsə dərd-bəladır. Müharibə- ata-ananın sinəsinə dağ çəkilməsidir, qadınların əksəriyyətinin ərsiz, övladların atasız böyüməsi deməkdir. Araşdırmalara görə indiyədək dünyada 15 mindən çox müharibə olub. Bu müharibələrdə ölənlərin sayını tam dəqiqləşdirə bilməsək də, onu qeyd edə bilərik ki, sadə əhali müharibə istəmir. Onlar dinc yaşamaq arzusundadırlar. Onlara ölüm saçan müharibə lazım deyil.
Gənc yazıçı-dramaturq Ülviyyə Heydərova qarşısına məqsəd qoyaraq amansız müharibələri lənətləyən əsər yazıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət Xadimi Əliqismət Lalayevin dəstəyilə bu dram əsəri səhnələşdirilib. Pyes rejissor Leonid Kletsin, quruluşçu rəssam Vüsal Rəhimin, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmmədovun, rejissor asistenti Zaur Əliyevin birgə səyləri nəticəsində səhnələşdirilib.
Dekabrın 17-də həmin tamaşanın premyerası keçirildi. Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şükufə Yusubovanın təqdimatında bu psixoloji dram əsəri tamaşaçılara təqdim edildi. Bütün sivil dünyanın problemi olan müharibə və onun doğurduğu fitnə-fəsadlar istedadlı aktrisa Şükufə Yusupovanın dili ilə tamaşaçılara çatdırıldı. Şəhid anası obrazını məharətlə oynayan Şükufə xanımın çıxışı dəfələrlə alqışlandı.
Biz də öz növbəmizdə, “İnanıram” monotamaşasına görə həm müəllifə, həm də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işgüzar kollektivinə təşəkkür edirik.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist.
18.XII.2024.
Hiç yorum yok:
Yorum Gönder