Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024”ə start verilib. Dekabrın 5-16-da keçiriləcək sayca 7-ci “Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi 2024”ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova, Gənclər və İdman Nazirliyinin təmsilçisi Elşən Qəhrəmanov, “ASAN xidmət”in əməkdaşı Əsli İbrahimli, Gənclər Fondundan Vüsalə Niftəliyeva və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildiriblər ki, “Könüllülük Həftəsi” çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox könüllü birləşərək, bir sıra ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək. Vurğulanıb ki, “Könüllülük Həftəsi” Azərbaycan gəncliyinin sosial məsuliyyətini, ictimai həyatda iştirakçılığını gücləndirməyi və könüllülük mədəniyyətini inkişaf etdirməyi, həmçinin ətraf mühitin qorunması mövzusunda həmrəyliyin artırılmasını hədəfləyir.
Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunan qərarların Azərbaycanda və beynəlxalq səviyyədə həyata keçirilməsində könüllülərin rolunun vacib və çoxşaxəli olduğu qeyd edilib. Könüllülərin iqlim dəyişikliyi ilə mübarizənin, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün iştirak etdikləri müxtəlif təşəbbüslər və fəaliyyətlərin həm yerli, həm də qlobal səviyyədə əhəmiyyət daşıdığı söylənilib.
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutacaq layihə və tədbirlər “Yaşıl dünya”, “Vətənpərvər könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” mövzularına həsr olunacaq. Həftənin bu mövzular əsasında həyata keçirilməsi yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də cəmiyyətimizdə gənclərin diqqətinin ekoloji problemlərə cəlb olunmasına və onların ekologiyanın qorunmasına qarşı daha məsuliyyətli yanaşmasının güclənməsinə xidmət edəcək.
edəcək.
Hiç yorum yok:
Yorum Gönder