Kaş ki, mən bir sarı yarpaq olaydım... Bu gün Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günüdür



Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də ikinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliyada alman-italyan işğalçılarına qarşı cəsarətli əməliyyatları ilə şöhrət qazanmış partizan və kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 94 ili tamam olur.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilmiş tədbir bu tarixə, həmçinin Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsinin 55-ci ildönümünə həsr olunmuşdur.

Mixaylo (əfsanəvi kəşfiyyatçını belə adlandırırdılar) haqqında saysız-hesabsız məqalələrin, habelə “Azərbaycan Avropa Müqavimət hərəkatında” kitabının müəllifi, publisist və politoloq Ruqiyyə Əliyeva M.Hüseynzadənin həyat və fəaliyyətindən danışmışdır.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Şurasının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor Bahadur Hüseynov, eyni alayda vuruşmuş döyüşçülərin Bakı seksiyasının sədri, ehtiyatda olan polkovnik Rasim Muxtarov, Azərbaycan Prezidenti Yanında Strateji Tədqiqatlar Mərkəzinin Xarici siyasət problemlərinin təhlili şöbəsinin böyük elmi işçisi Heydər Mirzə və başqaları M.Hüseynzadənin şanlı həyat və döyüş yolundan, gənclərin onun qəhrəmanlıq nümunələri əsasında vətənpərvərlik ruhunda tərbiyə edilməsinin zəruriliyindən danışmışlar.

Ailə üzvləri adından M.Hüseynzadənin qohumları - tibb elmləri namizədi Gülarə Əlizadə və həkim Mehdi Əzizbəyov çıxış etmişlər.

Tədbirin iştirakçılarına rejissor Tahir Əliyevin “Onun adı Mixaylo idi” adlı sənədli filmi, habelə 2007-ci il oktyabrın 22-də Şempas kəndində qəhrəmanın büstünün açılışı mərasimindən diskə yazılmış lent göstərilmişdir.

Tədbirdə Sloveniyanın Azərbaycandakı konsulu Borud Mequşar, Müharibə Veteranları Şurasının üzvləri, Müdafiə Nazirliyinin Hərbi Tarix Muzeyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mehdi Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakıda anadan olmuşdur. 1942-ci ildə Tbilisi hərbi-piyada məktəbini bitirdikdən sonra Mehdi şiddətli döyüşlərin getdiyi bir zamanda cəbhəyə yollanmışdır. O, Stalinqrad döyüşündə iştirak etmiş, minomyot vzvodunun komandiri olmuşdur. 1942-ci ilin avqustunda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür.

1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşı ilə birlikdə İtaliyada düşərgədən qaçmış, Sloveniyanın Adriatik dənizinin sahilində yerləşən Primoryedə fəaliyyət göstərən Yuqoslaviya partizanlarına qoşulmuşdur. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun qərargahı yanında kəşfiyyat-təxribat qrupuna başçılıq etmişdir. Yanvar ayının ortalarında Hüseynzadə öz döyüşçüləri ilə birlikdə düşmənin çox əhəmiyyətli topoqrafiya xəritələrini ələ keçirmişdir. Sonrakı ayda Mixaylo alman zabiti geyimində düşmən ordusunun kazarmalarına girib yanğınsöndürən qurğulara mina qoyaraq mərkəzi binanı partlatmışdır.

Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu komandanlığının tapşırığı ilə Mixaylo Qradnik adına 31-ci diviziyanın qərargahı yanında kəşfiyyat-təxribat qrupu yaratmış və ona başçılıq etmişdir. Almanlar onun başına 400 min lirə məbləğində pul qoymuşdular, lakin Hüseynzadəni ələ keçirə bilmirdilər.

1944-cü il noyabrın 16-da alman anbarlarındakı əmlakın və ləvazimatın ələ keçirilməsi üzrə uğursuz əməliyyatdan sonra o, Sloveniyanın Vitovle kəndində almanlar tərəfindən mühasirəyə alındı. Mixaylo almanlara atəş açmaqla olduğu yeri onlara bildirdi və bununla da partizanı ələ vermək istəməyən kənd sakinlərinin həyatını xilas etdi. Mehdi 25 düşmən öldürərək axıradək mübarizə apardı. Son gülləni Mixaylo öz ürəyinə sıxdı. Onun cənazəsi yerli sakinlər tərəfindən Novo-Qoritsa şəhəri yaxınlığındakı Şempas kəndi qəbiristanlığında dəfn olundu.

Vətən Mehdi Hüseynzadənin döyüş qəhrəmanlıqlarını unutmayıb. Həmişə qəhrəmanın doğum və ölüm günlərində, Qələbə bayramında Bakıda onun abidəsi önünə çiçək dəstələri qoyulur. Mixaylonun igidliyi həmvətənlərimizin hər bir yeni nəslinə yaxşı bələddir. Onun qəhrəmanlıqları kitablarda və filmlərdə əbədiləşdirilmişdir.

Uzaq Adriatik sahillərində döyüşən Hüseynzadə öz vətəni Azərbaycanı heç vaxt unutmamışdır. Yazdığı şeirlərdən birində vətənə olan məhəbbətini qəlbinin hərarəti ilə belə ifadə etmişdir:

Kaş ki, mən bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni.

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni.

Hiç yorum yok:

Yorum Gönder

Pages