Tarixi ədalət bərpa olundu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatları nəticəsində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qəhrəman Azərbaycan Ordusu işğalçı ölkənin silahlı qüvvələrini məğlub etdi. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur azad edildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin olundu, üçrəngli, ay-ulduzlu bayrağımız ölkəmizin bütün ərazilərində dalğalandırıldı.
Həmin il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyev xalqımıza müraciətində bildirdi ki, antiterror əməliyyatı qaçılmaz idi: "Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın".
Dövlətimizin başçısı İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda bəyan etdiyi kimi: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik".
Antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, habelə "sabiq xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, "generallar" Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri" Ruben Vardanyan qandallanaraq Bakıya gətirildilər. Onların ayrı-ayrılıqda törətdikləri cinayət əməllərinə görə istintaq prosesi başladı. Xalqımıza qarşı ağır cinayətlər törədən bu hərbi cinayətkarlar məhkəmə qarşısına çıxdılar.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi artıq məhkəməyə göndərilib. Belə ki, Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 2024-cü il dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb. Bu il mayın 2-də baş prokurorun qərarı ilə 1987-ci ilin oktyabr ayından 2024-cü il aprelin 22-dək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında 1389 nəfərin cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanılmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan respublikası silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma),
102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücumetmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin olunub. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.
İndi qanun qarşısında cavab verən erməni hərbi cinayətkarlar 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı ağır cinayətlər törədiblər. Onların müharibə cinayəti törətməsinə dair faktlar və sübutlar kifayət qədərdir. Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirildiyi kimi: "Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə, onlar qəhrəmanlaşdırılmışdır".
Ancaq sonunda hökmən haqq yerini tutur, ədalət zəfər çalır. Otuzillik işğal dövründə Ermənistanın işğalına göz yummaqla buna haqq qazandıran, bu gün də məkrli əqidəsini dəyişməyən, hərbi cinayətkarları müdafiə etməklə onların törətdiyi əməllərin məsuliyyətini bölüşən dairələr də bunu unutmamalıdırlar. Bakıda müttəhim kürsüsündə oturan erməni hərbi cinayətkarlar ədalət mühakiməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. Hələ bu, son deyil. Xalqımıza qarşı ağır hərbi cinayətlər törədən digər canilər də ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
Hiç yorum yok:
Yorum Gönder