31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar Hacıqabul rayon Mədəniyyət Evində tədbir keçirilib. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul rayon Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova açdı. Ulu Öndər Heydər Əliyevin və Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirin aparıcıları-Şamil Azadov və Aytəkin Mirzəyeva Həmrəylik gününün tarixi, ictimai-siyasi əhəmiyyəti haqqında tamaşaçılara məlumat verdilər.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu 1989-1994-cü illərdə və II Vətən savaşı zamanı ön cəbhədə qarşılaşdığı maraqlı hadisələr barədə məlumat verdi. O, II Vətən savaşında, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin apardığı uğurlu döyüş əməliyyatlarında xalqla Ordunun birliyini, həmçinin, diaspor fəallarının fədakarlığını qeyd etdi. Hacıqabul rayon sakini, şəhid Hüseyn Abbasovun anası Güldanə Bağırova, I və II Vətən savaşlarının iştirakçısı, qanlı döyüşlər zamanı 3 dəfə yaralanmış mayor Muxtar Həşimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd etdilər. Hər iki natiq qazandığımız tarixi zəfərə görə cənab İlham Əliyevə təşəkkür etdilər.
4 kitabın müəllifi olan şairə Lətifə Rəşid şəhid analarına, tarixi qələbəmizə həsr etdiyi şeirləri söylədi. “Nur” İnstrumental ansamblının üzvlərinin müşayiəti əsasında müğənnilər-Zakir Sanıyev, Xəqani Niftəliyev, Həsən Qibiyev, Hacıqabul rayonundakı Musiqi məktəbinin Xanəndəlik ixtisası üzrə 1-ci sinif şagirdi Hüseyin Nəsirov Vətənə, torpağa, Ordumuza həsr edilən mahnıları ifa etdilər.
Şamil Ələkbərli.
29.XI.2024.
Hiç yorum yok:
Yorum Gönder