GÜC BİRLİKDƏDİR!



Tarixlərin sınağından çıxan bu həqiqət öz təsir gücünü hər zaman göstərib.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları başlayanda orta məktəbi yenicə bitirib, fəhlə işləyirdim. Hamımız görürdük ki, İttifaq rəhbərliyinin daha çox erməni mövqeyindən çıxış etməsindən, xarici dövlətlərdə yaşayan ermənilərin təcavüzkara hərtərəfli dəstəyindən ruhlanan ermənilər terror, təxribat  hərəkətlərini daha da genişləndirirdi. Hadisələrin bu məcrada davam etdiyi bir zamanda o vaxtkı respublika rəhbırliyinin hadisələrə seyrçi, təslimçi mövqeyi isə hər kəsdə hiddət doğururdu. 

Növbəti il Universitet tələbəsi oldum, paytaxtda mitinqlər, piketlər, etiraz nümayişləri geniş xarakter almışdı. Amma bütün bunlara baxmayaraq erməni təzavüzü daha şiddətlə davam edirdi. Həmin dövrdə bu etirazları idarə edərək, xalqın qüvvəsinə arxalanıb, şəraiti düzgün qiymətləndirib, gərginlik yaşanan bölgələrdə, Ermənistanla həmsərhəd zonalarda vəziyyətin nəzarətə alnmasına nail olunmurdu. Ölkəmiz informasiya blokadasına alınmış, haqq səsimiz eşidilməz olmuşdu.

Gözümüz, qulağımız ziyalılarımızda idi. Söhbətlərimizdə, görüşlərimizdə onlar ermənilərin əsas gücünün xaricdəki diaspor təşkilatlarına olduğundan bizim də sözümüzün eşidilməsinin vacibliyini deyirdilər. Amma hansı yolla, buna necə nail olaq kimi suallar açıq qalırdı.  

1990-cı il yanvarın 20-də Sovet ordusu hissələrinin Bakıya və bir sıra bölgələrə xəbərdarlıqsız daxil olaraq xalqımıza qarşı soyqırımı keçirməsi nəticəsində çoxsaylı şəhidlər verdik. O vaxt Moskvada fərdi təqaüdçü kimi yaşayan ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gələrək baş verənlərə qəti etirazını bildirdi,  haqq səsimizin boğulmasının qarşısını aldı, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına nail oldu. Həmin vaxtdan artıq hamıda ölkəmzin nicatının, böhranlı vəziyyətdən xilasının yalnız ulu öndərin ali hakimiyyətə qayıdışında olduğu anlaşıldı. Amma respublika rəhbərliyində təmsil olunanlar, eləcə də müxalifətdə hakimiyyəti ələ keçirmək istəyən şəxslər buna şiddətli müqavimət göstərirdilər. 

Aradan az keçmiş Azərbaycana qayıdan ümummilli lider Heydər Əliyev Naxçıvana gedərək ALi Məclisə rəhbərlik etməyə başladı. Məhz bu dövrdə həmin o qanlı-qadalı vəziyyətdən çıxmaq üçün təsirli tədbirlər görülməklə yanaşı, gələcək müstəqil dövlətimiz üçün təməl prinsipləri sayıla biləcək vacib qərarlar alındı, mühüm addımlar atıldı. Bu sırada dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılıqlarının gücləndirilməsi məqsədi ilə 1991-ci il dekabrın 16-da hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi keçirilməsi elan olundu. 

Aradan ötən müddətdə dünyanın 70-dən çox ölkələrində yaşayan soydaşlarımızla birlik və həmrəylik ideyaları gücləndi. Artıq tarixi Vətənimizdə baş verən hadisələrdən onlar da vaxtında xəbər tutur, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təşviqində fəal iştirak edirdilər. Dünya Azərbaycanlıları arasında mənəvi bağların güclənməsi, diaspora təşkliatlarının fəaliyyətinin güclənməsi, ölkəmizin haqq səsinin dünyaya bəyan edilməsində mühüm əhəmiyyəti oldu. 2001-ci ildə Bakıda ilk dəfə Dünya Azərbaycanlıalrının qurultayı keçirildi. Qurultay qarşımızda duran tarixi vəzifələri müəyyən etdi. Ulu öndər işğalda olan ərazilərimizin azad olunacağının müjdəsini verdi, soydaşlarımızın öz doğma torpaqlarına qayıdacaqlarını bildirdi. Artıq Azərbaycanın səsi dünyanın hər yerindən eşidilir, haqq işimizə dəstək verilirdi. 

Tarixi birliyimizin tarixi qələbəmizin əldə edilməsində də mühüm əhəmiyyəti oldu. 2020-ci ilin sentyabrın 27-də genişlənən düşmən təcavüzünə qarşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatı keçirilərək cəmi 44 gün ərzində 30 ilə yaxın işğalda qalan tarixi torpaqlarımız işğaldan azad olundu. İşğaldan azad edilən, tikilən, qurulan, dirçəldilən Şuşada Dünya Azərbaycanlılarının “Zəfər” qurultayı keçirildi. 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə ölkəmizdə separatizmin kökü kəsildi. İşğaldan azad olunan ərazilərə dünyanın hər yerində yaşayan soydaşlarımız səfərlərə gəlir, geniş, təəssüratla geri qayıdırlar. Bu gün dünyanın hər yerində yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələri daha da güclənir, ölkə qarşısında duran vəzifələrin həllində onlar da bacardıqları qədər yaxında iştirak edirlər. Dövlətimizin gücünün artması həmrəylikdə, birlikdə, dinc quruculuqda da, savaşda da birlikdə olmaqdadır.

  

İlham Babayev,

istefada olan polis polkovniki, müharibə veteranı


Hiç yorum yok:

Yorum Gönder

Pages