Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bakmiltv.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Nizami Məmmədov son söz deyib.
Nizami Məmmədov son sözündə çıxış edib və özünü qismən təqsirli bilib. O, bəzi məbləğləri qəbul etməyib. General qeyd edib ki, Məlikməmməd Qurbanovdan 800 min manat almayıb.
Nizami Məmmədovun sözlərinə görə, 143 milyon manat məbləği şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam".
Daha sonra Bayram Bayramov son sözlə çıxış edib. O, çıxışında özünü qismən təqsirli bilib. Bayram Bayramov 235 min 700 manat vəsaitin mənimsənilməsini qəbul etdiyini deyib. Bayram Bayramov dövlətə vurulmuş ziyandan ona aid olan məbləği ödəməyə hazır olduğunu bildirib.
Bundan sonra Cəlal Kazımov və Vüsal Əlizadə son sözlə çıxış edib. Onlar da özlərini qismən günahkar sayıblar, məhkəmədən barələrində ədalətli qərar çıxarılmasını istəyiblər. Onların hər ikisi onlara aid hissədə dövlətə dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib.
Vüsal Əlizadə ona yazılan 801 min manatdan 590 min manatı qəbul etdiyini qeyd edib: "Həmin məbləğin də əmlaklarını satıb 320 min manatını ödəmişəm, qalan 270 min manatı da müəyyən zaman çərçivəsində ödəməyə hazıram. Himayəmdə azyaşlı övladlarım var, valideynim ağır xəstədir, xahiş edirəm bunları nəzərə alasanız".
Daha sonra hakimlər hökmü elan edib. Hökmə əsasən Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Hiç yorum yok:
Yorum Gönder