Dərslərin başlanma saatı dəyişsin – TƏKLİF



“Dekabr ayıdır. Saat 8-ə yaxınlaşır, amma hələ də hava tam işıqlanmayıb. Küçələrdə məktəbə tələsən uşaqlar gözə dəyir. Xüsusilə, qışın sərt dövrlərində – yanvar və fevral aylarında – bu saatlarda küçələr tamamilə qaranlıq olur. Soyuq hava, buz bağlamış yollar və qaranlıq şərait məktəblilərin təhlükəsizliyi üçün ciddi risk yaradır. Buna baxmayaraq, uşaqlar dərsə çatmaq üçün ən gec saat 7-də yuxudan qalxmağa məcburdurlar”.

Bakmiltv.info-nın məlumatına görə, bu barədə təhsil mütəxəssisi Kamran Əsədov sosial şəbəkələrdə fikir bildirib. Onun sözlərinə görə, bu vəziyyət təkcə uşaqların fiziki sağlamlığına deyil, həm də psixoloji durumuna və akademik göstəricilərinə mənfi təsir göstərir.

“Kiçik yaşlı uşaqlar üçün erkən qalxmaq onların təbii bioloji ritminə uyğun deyil. Yorğun və motivasiyasız halda dərsə gəlirlər. Bununla yanaşı, qaranlıqda məktəbə gedən uşaqların təhlükəsizliyi valideynlər və cəmiyyət üçün ciddi narahatlıq doğurur. Təklif edirəm ki, qış aylarında dərslərin başlanma vaxtını bir saat gecikdirək”, – deyə ekspert qeyd edib.

    Onun fikrincə, bu dəyişiklik aşağıdakı müsbət nəticələrə səbəb ola bilər:

    •Uşaqların sağlamlığı və təhlükəsizliyi daha yaxşı qorunar;

    •Onların yuxu rejimi normallaşar və dərslərdə diqqətlilik artar;

    •Valideynlərin erkən saatlardakı tələskənliyi azalaraq gündəlik həyatı yüngülləşər.

    Kamran Əsədov vurğulayıb ki, məqsəd yalnız təhsil vermək deyil, eyni zamanda uşaqlara sağlam və təhlükəsiz bir mühit yaratmaqdır. Dərs saatlarının qış aylarında dəyişdirilməsi kiçik, lakin əhəmiyyətli bir addım ola bilər və bu, təhsilin keyfiyyətini daha da artırar.

    Hiç yorum yok:

    Yorum Gönder

    Pages