Bilmirəm 78 il, ya 79 il bizim eradan əvvəl dünyanın dövlətləri yığışıb bir təşkilat yaradıblar: Birləşmiş Millətlər Təşkilatı. Ağlım kəsəndən bu Təşkilatın nəyəsə yaradığını nə görmüşəm, nə də oxumuşam. 200-ə yaxın dövləti birləşdirən bu Təşkilat bir qəpiyə dəyməz, amma hər il dövlətlər bu təşkilata, o cümlədən biz də, milyonlarla dollar pul ödəyir, üzvlük haqqı kimi. İçində də beş üzvü olan Təhlükəsizlik Komitəsi yaradıblar ki, əsas söz sahibi də bunlardı. Bunların da bir-biriylə arası yoxdu. Nə qərar çıxırsa mütləq biri veto qoyur və qərar da gedir cəhənnəmin dibinə.
Sayın Ərdoğan deyir:
- Dünya beşdən böyükdür.
Amma dünyada baş verən hadisələrə baxanda görürük ki, dünya beşdən böyük deyil. Və bu beş böyük dövlət digər dövlətləri barmaqlarına sarıyıblar. Və məcbur edirlər ki, özlərindən başqa həmin dövlətlər onların çaldığı havaya oynasınlar.
Ağzı pendir kəsməyən bu Təşkilat 32 il bundan qabaq məlum bir qərar çıxartdılar ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxarılmalıdır. Allahın üç milyonluq erməni dövləti bu təşkilatın, özü də Təhlükəsizlik Şurasıdı, Komitəsidi, üzvlərinin, səs verdiyi qərara burunlarını silib atdılar. Sonra da bu böyük beşliyin üç dövləti – ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunu yaratdılar, bu qrup da 30 ilə yaxın bir müddətdə başımızın altına yastıq qoydu. Axırda məcbur olub bu mənasız təşkilatın çıxartdığı mənalı qərarı özümüz 44 günə həyata keçirməyə məcbur olduq.
Bütün dünya qan içindədi. İraqı dağıtdılar, prezidentini də tutub asdılar. Liviyanı parçaladılar, prezidentini də biabırcasına küçədə öldürdülər. Suriyanı dağıtdılar. Qəzza dörd il bundan qabaqkı Ağdamın gününə salınıb. Afrikada xalqlar din ayrılığına görə bir-birini qırır. Ukrayna dağılır, Gürcüstan vətəndaş müharibəsi ərəfəsindədi. Belə misalları çox çəkə bilərəm. Elə isə bu təşkilat kimə və nəyə lazımdı?
Mən də indiyədək qəzetdə bu Təşkilatın adını Birləşmiş Millətlər Çayxanası yazıram.
70-80-ci illərdə Qala divarlarına bitişik bir məşhur çayxana vardı – Rəfaelin çayxanası. Sovet hökumətinin siyasətini bəyənməyən şairlər, yazıçılar, bir sözlə, ziyalılar yığışırdılar o çayxanaya, saatlarla hökumətin səhv siyasətini müzakirə edirdilər. Sonra da hərə dağılışıb gedirdi evinə. O çayxananın heç olmazsa bir xeyiri oldu – Sovet hökuməti dağıldı, o çayxanaya yığışan ziyalılar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardılar və istəklərinə də nail oldular.
Amma Birləşmiş Millətlər Çayxanası Rəfaelin çayxanası qədər də yoxdu. Yığışıb boş-boş bəyanatlar verməklə məşğuldurlar. O bəyanatlar da mənim bu köşə yazım kimi bir qəpiyə dəyməz.
Biz tələbə olanda belə bir anekdot vardı. Dövlət imtahanıdı, bir tələbə də müəllimə pul verib ki, ona qiymət yazmaqda köməklik eləsin. Müəllim də komissiya üzvlərindən xahiş edir ki, filan tələbəyə asan suallar verin. Biletinə düşən suallara cavab verməyən tələbəni vəziyyətdən çıxarmaq üçün komissiyanın sədri soruşur:
- BMT-nin Baş katibi kimdir?
O zaman da BMT-nin Baş katibi U Tan idi. Tələbə susur, pul alan müəllim kömək etmək istəyir. Yavaş səslə deyir:
- U Tan! U Tan!
Tələbə də qayıdıb deyir:
- Mən niyə utanım, pulu sən almısan, sən utan.
İndi Birləşmiş Millətlər Çayxanasının Baş katibi, adını da deyə bilmirəm, qorxuram düz deməyəm, biədəb söz alınar, gör heç utanırmı?!
Hətta o günə qalıb ki, İsrail onu persona non-qrant elan edib, yəni İsrailə gəlməyə qadağa qoyub.
Hiç yorum yok:
Yorum Gönder