Azərbaycanda şəhid ailələri və qazilər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı əsas prioritetlərdən biridir. Bu istiqamətdə həyata keçirilən sosialyönümlü işlər davam etdirilir. Proqramın davamlı icrası ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı və Lənkəran şəhərlərində mənzillər veriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı həyata keçirilən işlər çərçivəsində mənzillərin satın alınması proseduru yekunlaşıb.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan şəhərlər üzrə şəhid ailələri və qazilərin mənzillə təmin olunması üçün Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Dəyəri 8 126 595 manat olan satınalma müqaviləsinə əsasən, mənzillər 2 və 3 otaqlı olacaq.
Qeyd edək ki, Vətən müharibəsi bitəndən indiyə qədər şəhid ailəsinin üzvü və müharibə veteranı olan 106 min nəfərə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub. Həmçinin şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Bununla bərabər, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 363 min xidmət göstərilib.
Hiç yorum yok:
Yorum Gönder