Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
Bakmiltv.info xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i "Vəkil günü" kimi qeyd olunur.
Qeyd edək ki, bu il Azərbaycan vəkilliyinin 100 yaşı da tamam olub.
Qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilat kimi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası yaradılmışdır.
Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.
Əsas vəzifəsi
Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Fəaliyyəti
Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.
Üzvləri
Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1555 nəfərdir. Azərbaycanın regionlarında fəaliyyət göstərən vəkillərin sayı 393 nəfərdir ki, bunlardan 143 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1110 nəfərdir, bunlardan 105 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 27, regionlarda isə 15 vəkil qurumu fəaliyyət göstərir.
Vəkillərinin sayının artım dinamikası
Vəkillərin sayının artım dinamikasına gəldikdə isə, 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2005-ci ildə qəbul edilənlərin sayı 151 nəfər olub (359 nəfər vəkilliyə namizəddən 126 nəfər ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub). 2006-cı ildə qəbul edilənlərin sayı 24, 2007-ci ildə 235 (441 nəfər vəkilliyə namizəddən 235 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2008-ci ildə 27, 2009-cu ildə 71 (506 nəfər vəkilliyə namizəddən 67 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə isə 121 (531 nəfər vəkilliyə namizəddən 122 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə 17, 2018-ci ildə isə 553 nəfər olub.
Bakmiltv.info olaraq, vəkil adını daşıyan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Hiç yorum yok:
Yorum Gönder