Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır



MSN-in yaranmasından 19 il ötür

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabrın 16-da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə Ulu Öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində MSN-də 18 il ərzində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ordunun silah-sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yaradılan nazirlik layiqli yerini tutmaqdadır.

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsindən sonra ilk dəfə “ADEX” sərgisi keçirilib

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. Ötən il sentyabrın 6-8-də Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilib. Sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Müasir silah və texnikanın nümayiş olunduğu bu genişmiqyaslı tədbirin xüsusi əhəmiyyəti ondan ibarət olub ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil edilib. Qürurverici hal odur ki, sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunub. Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənib.

MSN-in stendlərində yerli hərbi təyinatlı məhsullar sərgilənib

Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində MSN-in məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

Bu baxımdan Azərbaycan MSN-in stendlərində yerli istehsal olan ən son silah və hərbi texnika sərgilənib. Sərginin açıq sahəsində hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim edilib.

Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin istehsalı, idxalı və ixracına cavabdeh olan Azərbaycan MSN-in pavilyonlarında son illərdə ölkəmizdə istehsal edilən yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasında yer alıb. MSN-in Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir. Sərgidə nazirliyin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika nümayiş olunub.

Sərgini Prezident İlham Əliyevin ziyarət etməsi ADEX-in inkişafına xüsusi təkan verib. Dövlət başçısı xarici ölkələrin bütün əsas stendlərinə, eləcə də yerli ekspozisiyalara baş çəkib, müasir silahların və hərbi-texniki təchizatın Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd edib. Ötən ilki sərgi də son illərin dinamik inkişafını özündə əks etdirən milli müdafiə sənayesinin nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni məhsul və texnologiyalarla tanışlıq istiqamətində geniş imkanlar yaradıb.

Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı Vətən müharibəsi olub

Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi idi. Bu haqq savaşında MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə ötən il keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib. Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı, eləcə də “Aerostar” və “Orbiter-4” də sərgidə göstərilən məhsullar sırasında olub. MSN-in açıq havada olan ekspozisiyasında yeni “Gürzə” avtomobilləri, eləcə də modernizə olunmuş transportyor da sərgilənib.

SPECA sərgisində MSN-in məhsulları böyük maraqla qarşılanıb

Noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi keçirilib. Sərginin müdafiə sənayesi guşəsində MSN müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Bu sərgidə ilk dəfə nazirliyin müəssisələrində yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini nümayiş etdirir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Bu ali etimaddan, diqqət və qayğıdan daha da ruhlanan nazirliyin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini bundan sonra da birləşdirərək Azərbaycan Ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcək.


Hiç yorum yok:

Yorum Gönder

Pages