15 dekabr: “Ardıc günü”-Arçut elinin həmrəyliyi günüdür



15 dekabr Qərbi Azərbaycanın tarixi Pəmbək Mahalının Arçut (mənası- Ardıc çayı, yaxud da Ardıc ağaclarının məskəni, deməkdir) kəndinin sakinlərinin öz doğma yurdlarından-o zamankı Ermənsitan SSR-nin Quqark (tarixi adı Yaqublu) rayonundan-ellilikcə köçdüyü, doğma yurddan deportasiya olunduğu və qaçqına çevrildiyi gündür. Belə ki, 1988-ci ilin 7 dekabr tarixli məlum Hamamlı (Spitak) zəlzələsindən sonra, yaranmış şəraitdən irəli gələrək Arçut kəndinin sakinləri 11-15 dekabr aralığında tamamilə kəndi boşaltdılar. Daha doğrusu, boşaltmağa məcbur edildilər. Kəndin təxminən bir il davam edən gərgin, depressiya həyatına son qoyuldu. Kənd o zamankı Sovet ordusunun hərbçilərinin, hərbi eşelonun müşayiəti ilə Qazax rayonundan göndərilmiş yük maşınlarının karvanı ilə kəndi tərk edib Azərbaycanın Qazax rayonunun Musaköy kəndinə pənah gətirdi. Bununla da kənd camaatı üçün qaçqınlığın, didərgin həyatın əsası qoyuldu. 

             

15 dekabr Arçut kəndinin həyatında əlamətdar tarixi bir gündür. Belə ki, həmin gün özündə xilaskarlığın, qurtuluşun ehtiva etdiyi sevinc hissi ilə ayrılığın, intizarın yaratdığı kədər hissini birləşdirərək, əhəmiyyətli, vacib mədəni və sosial bir təqvimə çevrilib. Bu təqvim rəqəmi kəndin əbədi yaddaşında silinməz bir iz buraxıb.  

             

1988-ci ilin 11-15 dekabr aralığından bu yana kənd sakinləri bir anlıq da olsa belə kəndlərini unutmur və öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayırlar. Şənlik və yas mərasimlərində görüşür, dərdləşir və öz birliklərini ellilikcə qoruyub saxlayırlar. Bununla da həsrətdə qalan, intizar duyğusunu yaşadan kənd ilə öz qiyabi təmaslarını saxlayırlar.  

             

2020-ci ilin dekabr ayından, Ermənistan işğalından qurtardıqdan sonra, yaranmış gerçəkliklərdən irəli gələrək formalaşan “ARDIC” Hərəkatı 15 dekabr təqvimini “Arçut günü” kimi kəndin tarixinə həkk olunması ideyası ilə çıxış etmiş və ideya kənd camaatı tərəfindən qəbul edilmişdi. 2023-cü ilin dekabr ayının 17-də Bakıda Qərbi Azərbaycan İcmasının dəstəyi ilə, Arçut İcmasının və “ARDIC” Hərəkatının birgə təşkilatçılığı ilə mühüm tədbir keçirilmiş və bununla da kənd sakinləri kəndi tərk etməklərinin 35 illiyini qeyd etmişlər. Onlar tədbirdə kəndi ürək yanğısı ilə xatırlamış, ulu yurdu bir daha yada salmış və erməni zülmündən xilas olmaqlarını şənliklə qeyd etmişlər. Həmin günün xoşbəxtliyini də unutmamışlar. Belə qərara gəlinmişdir ki, hər ilin 15 dekabr günü Ardıc günü-Arçut elinin həmrəyliyi günü kimi tarixə həkk olunsun.

 

Hiç yorum yok:

Yorum Gönder

Pages