Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi



Yaponiya şahzadəsi, imperator ailəsinin ən yaşlı üzvü olan Yuriko Mikasa 101 yaşında vəfat edib.

Bakmiltv.info-nın NHK-ə istinadən xəbərinə görə, bu barədə Yaponiya İmperator Evinin Administrasiyasından məlumat verilib.

Məlumata görə, Yuriko Mikasa indiki imperator Naruxitonun babası imperator Syovanın (Xiroxito) kiçik qardaşı, şahzadə Mikasanın (Takaxito) dul arvadı olub.

Şahzadə martın əvvəlində Tokiodakı Müqəddəs Luka Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Ona beyin infarktı (serebral infarkt), həmçinin aspirasiya pnevmoniyası diaqnozu qoyulub.

Serebral infarktdan sonra şahzadənin bədəninin sağ tərəfi qismən iflic olub. Daha sonra hərəkət funksiyaları qismən bərpa olub, pnevmoniyanın stabilləşdirilməsinə nail olunub və o, müalicəsinin davam etdirilməsi üçün reanimasiya şöbəsindən ümumi palataya köçürülüb.

Daha sonra şahzadədə yenidən pnevmoniyanın yüngül simptomları baş qaldırıb və o, avqustun ortasından sentyabrın əvvəlinə qədər üç həftə ərzində yenidən reanimasiya şöbəsinə köçürülüb, sonra adi palataya yerləşdirilib.

Lakin Yuriko Mikasanın vəziyyəti pisləşməyə başlayıb və bir müddət sonra vəfat edib.

Qeyd edək ki, şahzadənin əri, Şahzadə Mikasa 2016-cı ildə ölüb. Onlar 75 il evli olublar.

Yuriko Mikasanın ölümü o vaxtdan bəri, yəni səkkiz il ərzində imperator ailəsində ilk ölüm halı olub. Onun ölümündən sonra Yaponiya imperator ailəsinin üzvlərinin sayı 16-ya düşüb.

Hiç yorum yok:

Yorum Gönder

Pages