Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasova ölkədən qaçıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan adıçəkilən qurumun mühasibi vəzifəsində çalışmış Z.Abbasovanın Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.
Z.Abbasova artıq dövlətlərarası və beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.
Qeyd edək ki, ittihama görə, 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işləyən Zərifə Abbasova tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün nümayəndəliyə köçürülən pulları mənimsəmək üçün missiyanın rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.
Z.Abbasova ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və Nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib.
Belə ki, o, 2017-2022-ci illər ərzində nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 983 254 manatı mənimsəyib.
İstintaq sənədlərinə görə, Z.Abbasova qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxartmağa nail olub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib.
Hiç yorum yok:
Yorum Gönder