Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Günümüzdə müşahidə olunur ki, törədilən cinayətlərin bir qismi narkotik vasitələrin və ya alkoqollu içkilərin təsiri altında törədilir. Narkotik vasitənin və ya alkoqollu içkinin təsiri altında olan şəxs isə öz törətdiyi əməlin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk edə bilmir. Bu zaman belə suallar ortaya çıxır: Sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunurmu? Şəxs cinayət məsuliyyətinə cəlb olunursa, cinayətin sərxoş halda törədilməsi yüngülləşdirici və ya ağırlaşdırıcı hal kimi nəzərə alınırmı?
Cinayət hüququnda alkoqolun və ya narkotik maddənin miqdarından və onun qəbul edilməsinin səbəbindən asılı olmayaraq onları qəbul etmiş və cinayət törədən şəxs sərxoş vəziyyətdə cinayət törədən şəxs sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi alkoqollu içkidən və ya narkotik vasitədən sərxoş halda cinayət törətmiş şəxsi cinayət məsuliyyətindən azad etmir. Bu barədə konkret göstəriş Cinayət Məcəlləmizin 23-cü maddəsində təsbit olunmuşdur: “Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur”.
Məcəllənin 23-cü maddəsində sərxoşluq dedikdə, fizioloji sərxoşluq nəzərdə tutulur. Ümumiyyətlə, sərxoşluğun 2 növü vardır: fizioloji və patoloji sərxoşluq.
Fizioloji sərxoşluğun da üç mərhələsi mövcuddur:
1.Sərxoşluğun ilkin mərhələsi – Bu mərhələdə əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksiyası, bütün bədəni bürüyən xoş istilik duyğusunun təsiri altında rahatlıq hissi yaranır. Şəxsin orqanizmində olan belə bir hal onu cəsarətli olmağa sövq edir. Şəxs bu mərhələdə həmçinin boşboğazlıq və şit zarafatlar edir.
2.Sərxoşluğun orta mərhələsi – Bu mərhələdə bədənin müvazinətinin və koordinasiyasının pozulması baş verir. Xoş əhvali-ruhiyyə, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşmək kimi hallar müşahidə olunur. Şəxsin nitqi pozulur, sözləri qeyri-səlis tələffüz edir.
3.Sərxoşluğun ağır mərhələsi – Ağır dərəcəli alkoqol sərxoşluğunda düşüncənin keyləşməsindən komayadək pozulması inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin itməsi, tənəffüsün, ürək fəaliyyətinin pozulması və s. hallar da müşahidə olunur. Ağır dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.
Bildiyimiz kimi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Şəxsin anlaqsız hesab olunması üçün isə şəxsdə Cinayət Məcəlləsinin 21.1-ci maddəsində onun anlaqsız hesab olunması üçün nəzərdə tutulan həm tibbi meyar (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik), həm də hüquqi meyar (öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməsi və ya onu idarə edə bilməməsi) olmalıdır. Yalnız bu iki meyar vəhdət təşkil edərsə, şəxs anlaqsız hesab oluna bilər. Ancaq fiziki sərxoşluqda tibbi meyar tam işləmədiyi üçün şəxs anlaqsız hesab olunmur və cinayət məsuliyyətinə cəlb olunur.
Ümumiyyətlə, anlaqsızlıqla bağlı psixi pozuntu və sərxoşluqla bağlı psixi pozuntu bir-birindən iki cəhətə görə fərqlənir. Birincisi, sərxoş halda olan şəxs öz iradəsi ilə, öz istəyi ilə özünü sərxoş vəziyyətə gətirir. İkincisi isə, şəxs sərxoş olsa belə, görmə, eşitmə kimi mühüm funksiyalarında ciddi pozuntu baş vermir.
Sərxoşluğun ağır mərhələsinə gəldikdə isə ağır dərəcəli alkoqol sərxoşluğu nəticəsində yaranan psixi pozuntu xəstə vəziyyətlə əlaqədar olmadığı və burada tibbi ölçü olmadığı üçün şəxs anlaqsız hesab edilə bilməz və cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Sərxoşluğun digər növü patoloji sərxoşluqdur. Patoloji sərxoşluq yalnız narkotik vasitələrin və ya alkoqollu içkilərin qəbulu ilə bağlı olmur. Şəxs, eyni zamanda, ac, yorğun, yuxusuz olur. Patoloji sərxoşluq halına düşən və cinayət törədən şəxs öncə ətrafı təhrif olunmuş şəkildə görür və şəxsdə qarabasma halları baş verir. Psixiatriya elmi hesab edir ki, patoloji sərxoşluq insan həyatında bir dəfə baş verir və adətən təkrar olunmur.
Patoloji sərxoşluğa görə şəxs cinayət məsuliyyətinə cəlb olunmur, çünki patoloji sərxoşluq Cinayət Məcəlləsinin 21.1-ci maddəsində nəzərdə tutulan dörd tibbi meyardan biri – psixi fəaliyyətin müvəqqəti pozulmasına şamil olunur.
Bəs şəxsin cinayəti sərxoş halda törətməsi yüngülləşdirici və ya ağırlaşdırıcı hal kimi nəzərə alına bilərmi?
Burada iki məsələyə diqqət yetirmək lazımdır: məsuliyyətin fərdiləşdirilməsi və cəzanın fərdiləşdirilməsi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətin sərxoş halda törədilməsi bir tərkibdən başqa, heç bir tərkibdə məsuliyyəti fərdiləşdirən hal kimi nəzərdə tutulmayıb. Cinayət Məcəlləsinin 263-cü maddəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmağa görə cəzalar müəyyən etdiyi halda, Məcəllənin 263-1-ci maddəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmağa görə daha sərt cəzalar müəyyən edir.
Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə baxdıqda, nə cəzanı yüngülləşdirən hallarda, nə də cəzanı ağırlaşdıran hallarda şəxsin cinayəti sərxoş halda törətməsi qeyd olunub. Ancaq məhkəmədə şəxsin cinayəti sərxoş halda törətməsi təqsirkarın şəxsiyyətinin təhlükəliliyini xarakterizə edən hal kimi nəzərə alına bilər və buna görə də cəza ağırlaşdırıla bilər
Hiç yorum yok:
Yorum Gönder