Zəngilan, Qubadlı və Laçın rayonlarında işğaldan azad olunduqdan sonra Dövlət Sərhəd Xidməti 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı fəaliyyətə başlayıb.
BAKMILTV.INFO report-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu dövlət sərhədini mühafizə edərkən şəhid olub:
"Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. "Dəmir Yumruq" döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan "Bartaz", "Şükrataz" yüksəklikləri azad edilib".
Araz Məmmədovun sözlərinə görə, 44 günlük Vətən Müharibəsində DSX-nin Sərhəd Qoşunlarının 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhid olub. O bildirib ki, döyüş əməliyyatlarında iştirak etmiş 1843 hərbi qulluqçu təltif olunub, onlardan 719 nəfər hərbi qulluqçu ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif edilib.
"Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb. Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar", - deyə general bildirib.
Hiç yorum yok:
Yorum Gönder