Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramovun ötən prosesdə verdiyi vəsatətə dövlət ittihamçısı münasibət bildirib.
Qeyd edək ki, Bayram Bayramov ötən prosesdə vəsatət verərək Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini istəyib.
Həmin şəxslərdən Xalid Məmmədov hərbi hissə komandiri olub və polkovnik rütbəsində olub. Bayram Bayramov iddia edib ki, Xalid Məmmədovun xərclərinə hər ay 6 min manat olmaqla ümumilikdə 18 min manat verilib.
Bayram Bayramov deyib ki, 2018-ci ilin may ayından 2019-cu ilin oktyabr ayı da daxil olmaqla hərbi hissə komandiri olmuş polkovnik Rəşad Salmanovun xərclərinə hər ay ən azı 6 min manat olmaqla 18 ayda cəmi 108 min manat verilib.
Bayram Bayramov əlavə edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay 2 min manat olmaqla Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib. Onun ifadəsinə görə, mağazadan məhsulları sürücülər, aşpazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürüb.
Dövlət ittihamçısı bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən cinayət işinə məhkəmədə verilən ittiham çərçivəsində baxılır. Onun sözlərinə görə, istintaq orqanında bu işdən ayrılan ayrıca cinayət işi var: “Ayrıca aparılan iş üzrə bu məlumatlarla bağlı araşdırma aparılması üçün müraciət oluna bilər. Bayram Bayramovun ərizəsində səsləndirdiyi faktlarla bağlı məhkəmədə araşdırılan hazırkı işin mahiyyətinə aidiyyəti yoxdur. Özünə dost bildiyi, arxa bildiyi şəxslərə pul xərcləyib. Bu onun öz işidir. Həmin şəxslərin məhkəmədə ifadə verməsində ittihamın mahiyyətinini nə təkzib, nə də təsdiq edəcək hal yoxdur. Buna görə də həmin adıçəkilən şəxslərin çağırılaraq dindirilməsi üçün əsas görmürəm. Bayram Bayramovda cinayət faktları varsa, həmin sənədləri özü də, zərurət yaranarsa məhkəmə öz təşəbbüsü ilə istintaq orqana göndərə bilər. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində bu işdən ayrılma ayrıca cinayət işi var. Həmin şəxslərlə bağlı istintaq orqanında yeni hal kimi araşdırma aparıla bilər”.
Daha sonra müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərarda göstərilib ki, Bayram Bayramovun göstərdiyi ərizdə qeyd olunan cinayət xarakterli faktların mövcudluğu nəzərə alınaraq araşdırılması üçün istintaq orqanına göndərilsin, bu hallar araşdırılsın, hüquqi qiymət verilsin. Hakimlər deyiblər ki, adıçəkilən şəxslərin dindirilməsinə məhkəmə lüzum görmür.
Daha sonra hakim bildirib ki, Müdafiə Nazirliyi təqsirləndirilən Bayram Bayramovun vəkilinin vəsatəti əsasında müraciət olunan sorğuya cavab verib. Cavabda qeyd olunub ki, 2020-ci ilin sentyabr-dekabr ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılan şəxsi heyətə əməkhaqqı və digər xərclər ödənişlər edildiyi qeyd olunub.
Həm Bayram Bayramov, həm də vəkili verilən cavabla razı olduqlarını bildiriblər. Hakimlər heyəti həmin sənədin cinayət işinə əlavə olunması barədə qərar qəbul ediblər.
Növbəti proses noyabrın 15-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyondan çox hissəsi ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb
Hiç yorum yok:
Yorum Gönder