Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğu vurğulayıb. Qeyd edib ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq deyib ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.
İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd edib. Şavkat Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin uğurla icra edildiyini deyib.
Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirib.
İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan Prezidenti deyib ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.
Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirib və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğulayıb.
Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirilib, ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Prezident Şavkat Mirziyoyev: Təbrik edirəm. Uğurlu başlanğıcdır.
Prezident İlham Əliyev: Burada həm Azərbaycan dilində, həm də özbək dilində yazılıb. Sözlər eynidir.
Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.
Mən Şavkat Miromonoviçə, bütün özbək dostlarımıza və qardaşlarımıza belə qardaşlıq münasibətinə görə bir daha minnətdarlığımı bildirir və bu müəssisənin açılışı münasibətilə sizi təbrik edirəm.
Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.
11:55
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılış mərasimi olub.
Hiç yorum yok:
Yorum Gönder