Azərbaycanda balıq istehsalı azalıb. Bazarlarda ümumiyyətlə çay və dəniz balıqları qəhətə çəkilib. Yalnız süni göllərdə yetişdirilən balıqlar bazarları zəbt edib ki, bunun da keyfiyyəti sual altındadır.
Mövzu ilə bağlı Sitat.info-ya danışan keçmiş “Azərbalıq” Dövlət Konserninin sədri Hafiz Hacıyev də vəziyyətin ürəkaçan olmadığını bildirib.
Onun sözlərinə görə, hazırda bu sahə müəyyən qrupların əlindədir: "Bu gün Azərbaycanda balıqçılığın bu vəziyyətdə olması həqiqətən ürək ağrıdır. Ona görə ki, Azərbaycanın həm Xəzəri, həm də daxili şirin suları var. Bu gün bir çox sahələr kimi, bu sahə də müəyyən qrupların əlindədir. Onlar da özləri hansı formada istəsələr, o formada idarə edirlər. Məsələn, görürsünüz ki, asetrin balığının kiloqramı 70-80 manata qalxdı. Amma, bu mənim işlədiyim dövrdə hardasa 7-8 manatdan yuxarı deyildi. Bu bu qiymətə saxlamaq mümkün idi".
H.Hacıyev balıqçılıq sahəsində buraxılan əsas səhvləri də açıqlayıb. Onun sözlərinə görə balıq istehsalı çoxdur, büdcəyə gələn gəlir isə azdır: "Birincisi, dəniz özəlləşdirilməməlidir. Bu, Azərbaycandakı balıqçılığa böyük zərbə vurdu. İkincisi də, Xəzərdə olan kilkə ilə balıq unu istehsal edilirdi və Azərbaycanda quşçuluq fabrikləri təmin olunurdu. Azərbaycanda balıqçılığın inkişafı üçün elə imkanlar var ki, dövlət büdcəsinə hər il milyonlarla manat pul köçürmək olar. Mən sizi əmin edirəm ki, ilin beş-altı ayını dövlət büdcəsini elə balıqçılıqdan gələn pulun hesabına saxlamaq olar. Ancaq bu sahə inhisarçıların əlindədir. Burada böyük imkanlar var. Təzə təsərrüfat sahələri yaratmaq mümkündür. Əlavə olaraq, toplanan balığın eyni qiymətlə satılması mümkündür".
Hiç yorum yok:
Yorum Gönder