General Nizami Məmmədov və onunla birlikdə həbs edilən 3 nəfərin Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı yekunlaşıb.
Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına verilən sorğuya cavab gəldiyi açıqlanıb.
Belə ki, istintaq orqanından verilən cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib:
“İş üzrə təqsirləndirilən Nizami Məmmədov 12 milyon 203 min, Vüsal Əlizadə 101 min, Cəlal Kazımov isə 110 min manat dəymiş ziyandan dövlət büdcəsinə ziyan ödəyib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub”.
Təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, iş üzrə şahid qismində dindirilən və Maliyyə və Büdcə idarəsinin keçmiş mühasibi olmuş Akif Umudov Nizami Məmmədovun adından 210 min manat zərər ödəyib:
“O məhkəmə zamanı da bildirdi ki, dəymiş ziyanı Nizami Məmmədovun adından ödəyib. Halbuki, istintaq orqanı həmin ziyanı hesablamayıb. Xahiş edirik ki, həmin ödəniş hesablansın”.
İş üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. O, çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Hiç yorum yok:
Yorum Gönder