16 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edildiyi gündür. Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır.
Hazırda 195 dövlət YUNESKO-nun üzvüdür. YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdə yerləşən mənzilqərargahında baş direktor Federiko Mayorla görüşü zamanı atılmışdır.
Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKOnun təhlükədə olan ümumdünya irs siyahısından çıxarılmışdır. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır.
Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilmişdir. 2009-cu ilin martında Azərbaycanda I Beynəlxalq Muğam Festivalı keçirilmişdir. YUNESKO-nun baş direktoru Koişiro Matsura bu münasibətlə ölkəmizə səfər etmişdir. Dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 2008-ci ilin mayında baş tutan “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tədbiqinə dəstək” və digər tədbirlər bu mərama xidmət edir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər.
Hiç yorum yok:
Yorum Gönder