Vətənə xidmət bir ömürlük məhəbbət, fədakarlıq tələb edən şərəfli bir yoldur. Hər bir hərbi qulluqçumuz təkcə döyüş meydanlarında qazanılan qələbələrin deyil, həm də Vətən sevgisinin canlı simvoludur. Mayor Namiq Hacıyev də belə hərbçilərdəndir. O, həyatını Vətənə xidmətə həsr etməklə təkcə peşəsini deyil, eyni zamanda, öz varlığını Azərbaycan xalqının mübarizə ruhuna bağlayıb. Onun döyüşlərdəki şücaəti vətənpərvərliyin və peşəkarlığın ən gözəl nümunəsidir.
N.Hacıyev 1987-ci il fevralın 28-də Ağdam rayonunun Şelli kəndində dünyaya gəlib. Uşaqlıqdan hərb sənətinə böyük marağı olub. Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Zabit daha sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib.
N.Hacıyev 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Mayor N.Hacıyev Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Zabit 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatında da iştirak edib: "24 saatdan az müddətdə düşmənin məğlub edilməsi, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması ilə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi hesab etmək olar. Antiterror əməliyyatı Azərbaycanın hərbi gücünün, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində başlayan tarixi missiyamızın tam yekunlaşması məhz antiterror əməliyyatı ilə baş tutdu", - deyə zabit bildirdi.
“Siz öz həyatınızda və hərbi karyeranızda hansı anları ən yaddaqalan hesab edirsiniz?” - sualını zabitimiz bu cür cavablandırdı. "Mənim üçün ən yaddaqalan anlardan biri 44 günlük Vətən müharibəsindəki döyüşlərdir. Bu müharibə işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşımız idi. Torpaqlarımızın işğaldan azad olunması hər birimiz üçün böyük bir qürur mənbəyi oldu".
“Hər birimiz özümüzü inkişaf etdirməli, biliklərimizi artırmalıyıq. Vətənə sevgimizi sözlərlə deyil, əməllərimizlə də göstərməliyik. Hər zaman inamla irəliləmək, çətinliklərə sinə gərmək və vətənpərvərlik ruhunu daim yaşatmaq borcumuzdur. Vətən bizə birgə yaşamaq, çalışmaq və onu müdafiə etmək imkanı verən yerdir. Bu torpaqda yaşamaq hər birimiz üçün qürurdur. Mənim üçün xidmət etdiyim ordu bir ailədir. Hər birimiz öz öhdəliyimizi layiqincə yerinə yetirməliyik", - deyə mayor N.Hacıyev dedi.
Mayor N.Hacıyevin xidməti, döyüşlərdəki nailiyyətləri yalnız onun özünün deyil, bütün Azərbaycan Ordusunun gücünü, birliyini və iradəsini əks etdirir. Onun kimi zabitlərimizin sayəsində Azərbaycan Ordusu hər zaman müzəffər olacaq, xalqımız əmin-amanlıq içində yaşamağa davam edəcəkdir. Bu gün biz qəhrəman oğullarımızın simasında Vətənə sevgimizi, ona olan bağlılığımızı və milli birliyimizi bir daha təsdiq edirik.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder