Unudulmazlar Şəhid Nicat Əhmədov ...




Nicat Həsən oğlu Əhmədov 1998-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Ailəsi əslən Şuşadandır, ancaq 1991-ci ilədək Xankəndi şəhərində yaşayıblar. Həmin il erməni separatçıları Xankəndidən azərbaycanlı əhalini didərgin salarkən ailə Ağdama pənah gətiriblər. 1993-cü ildə düşmən Ağdamı da zəbt edir, Əhmədovlar ailəsi oradan da köçkün düşür...

Nicat paytaxtın Nizami rayonundakı 62 və Y.Kovalyov adına 229 nömrəli orta məktəblərdə təhsil alıb. 2016-cı ildə yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olunub.

Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Nicat əsgərlikdə rabitə bölüyündə qulluq edib. Sentyabrın 22-də – doğum günündə yaxınları onu görməyə gəlir, bu günü ailəsi ilə birlikdə hərbi hissədə qeyd edir. Beş gün sonra Vətən müharibəsi döyüşləri başlayır. Nicat da bu müqəddəs döyüşlərə qoşulur...

Bacısı Lalə Əhmədova deyir: “Hər zəngində mənə görə narahat olmayın, mən yaxşıyam, siz özünüzə yaxşı baxın” deyirdi. Hər gün evə zəng edirdi. Son zəngi oktyabrın 6-sı olub. Axşam saat 9-a qalmış evə zəng edib, hamı ilə danışıb. Yenə hər şeyin yaxşı olduğunu deyib. O, zəng Nicatın sonuncu zəngi olub”.

Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli istiqamətindəki döyüşlərdə şücaət göstərərək əbədiyyətə qovuşub.

Lalə Əhmədova qardaşından qürur hissi ilə danışır: “Nicat mərd oğlan idi. Ailəmizin kiçiyi olmasına baxmayaraq, həmişə özünü böyük, yetkin kimi aparırdı. Evdə hamımızın köməyinə çatardı. Hara əlimizi atsaq, Nicat deyə çağırardıq. Ona görə də bu gün onun yoxluğu çox hiss olunur. Bəzən hər şey yuxu kimi gəlir, onun yoxluğuna inana bilmirik, hələ də dərk edə bilmirik. Çox çətindir insanın canından can getməsi... Hərdən bizə sual verilir ki, şəhid ailəsi olmaq və ya şəhid anası, atası, bacısı olmaq necə hissdir? Mən o suala ümumi belə cavab vermək istəyirəm. Şəhid ailəsi olmaq bir yandan acı çəkərkən, digər yandan qürur hissi keçirməkdir. Şəhidlik uca bir zirvədir, Nicatımız da ucalardadır. Biz həmişə onunla fəxr etmişik, indi onunla daha çox fəxr edirik. Nicat bizim qəlbimizdə daim yaşayacaq...”.

Bacısı deyir ki, biz əslən şuşalı olduğumuz üçün Nicatın ən böyük arzusu Şuşanı azad etmək idi: “Atama deyirdi ki, Şuşanı azad edəndən sonra sizinlə oradan əlaqə saxlayacağam... ”.

Bu gün bütün şəhidlərimiz kimi, Nicatın da ruhu şaddır. Özünə qismət olmasa da, onun kimi igid oğullarımızın şücaəti sayəsində Şuşa şəhəri noyabrın 8-də düşməndən azad edildi. Şanlı üçrəngli bayrağımız bu gün qürurla Şuşada dalğalanır.

Nicat Əhmədov oktyabrın 9-da paytaxtın Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Nicat Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib
Allah rəhmət eləsin məkanı cənnət olsun!
 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri, Bakmiltv info-nun direktor müavini Ramiz Ağayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages