Türkiyə Cümhuriyyəti 101 yaşında



Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 


Bu gün (29 oktyabr) qardaş Türkiyə Cümhuriyyət bayramını qeyd edir
Bu gün Türkiyənin həyatında əlamətdar bir gündür. Qardaş ölkə özünün Cümhuriyyət bayramının sevincini yaşayır. Bu bayram 1923-cü ildən Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir. Artıq 101 ildir ki, qardaş ölkə cümhuriyyət yolu ilə irəliləyir. Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk bu günü ən böyük bayram kimi dəyərləndirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə Cümhuriyyətini bütün imkansızlıqlara baxmayaraq, böyük bir zəfərin meyvəsi kimi səciyyələndirib.
Son dərəcə çətin tarixi şəraitdə qurulan Cümhuriyyət
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin tarixindən bəhs edərkən “bütün imkansızlıqlar” ifadəsini təsadüfən işlətməyib. Vəziyyət həqiqətən təsəvvür edilməyəcək qədər ağır idi. Söhbət Türkiyənin mövcudluğu məsələsindən gedirdi. I Dünya müharibəsi (1914-1918) yeddi əsrlik tarixə malik Osmanlı imperiyası üçün uğursuz oldu. Müharibə illərində bir-birinin ardınca uğradığı ağır məğlubiyyətlər nəticəsində Osmanlı yalnız zamanında tarixi qələbələr sayəsində genişləndirdiyi sərhədlərdən geri çəkilmək məcburiyyətində qalmamışdı. Tarixi ərazilərin - indiki Türkiyənin də böyük bir hissəsinin itirilməsi tam real idi. Xüsusilə də Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirirdi.
Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə üç il davam etdi. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.
Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı hökumət I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü itirir, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü.
Bu, əsl təslimçilk aktı idı və xalqda ciddi müqavimətlə qarşılandı. Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi. 30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyə ərazisi indiki sərhədlər çərçivəsində təsbit olundu. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından çıxardı. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu.
Cümhuriyyətin ilk illərində Türkiyə tarixinin çətin dönəmindən keçdi. Xüsusilə də müxtəlif dini cərəyanlar dünyəvi respublika quruluşuna qarşı çıxırdılar və vətəndaş itaətsizliyinə cəhdlər göstərirdilər. Eyni zamanda, milli zəmində qiyamlar və separatçılıq baş qaldırırdı. Lakin Mustafa Kamalın öndərliyi ilə cümhuriyyət üçün yaranan bütün təhdidlər dəf edildi, ölkənin bütövlüyü qorundu. 1932-ci ildə TBMM-nin qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə dörd dəfə (1923, 1927, 1931, 1935) prezident seçilmiş Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.
Cümhuriyyət tarixində yeni dönəm
Türkiyə Cümhuriyyəti son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük uğurlarla səciyyələnən yeni bir dönəmini yaşayıb. 2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə Prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanaraq ölkənin yeni dövlət başçısı olub. 2017-ci ildə keçirilən referendumla Türkiyə prezident üsul-idarəsinə keçid etdi. Sonradan Rəcəb Tayyib Ərdoğan 2018-ci il və 2023-cü il prezident seçkilərinin də qalibi olub.
Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 ildə Türkiyə Cümhuriyyəti böyük uğur hekayələri yazıb. Cəmiyyətdəki möhkəm daxili sabitlik, xalq-iqtidar həmrəyliyi Türkiyənin böyük uğurudur. Cəmiyyətin iqtidara olan sarsılmaz inamı Türkiyə Cümhuriyyətini 2016-cı il iyulun 15-də baş verən  dövlət çevrilişi cəhdindən qorudu. Ölkə daxilindəki satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları növbəti dəfə iflasa uğradı.  Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında xain qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.
Təbii ki, aparılan iqtisadi islahatlar Cümhuriyyətin gücünü heç vaxt olmadığı qədər artırıb. Son 20 ildə Türkiyə onlarla böyük ölkədaxili, regional və beynəlxalq layihəni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi xəyalını həyata keçirib. Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Türkiyə özünün müdafiə sənayesini sürətlə inkişaf etdirib ki, bu da Cümhuriyyətin güvənliyini artırmaqla yanaşı, bütün Türk dünyasında qürur və iftixar hissi oyadır. Çox doğru olaraq Türkiyənin inkişafı Türk birliyinin güclənməsi anlamında qəbul olunur. Bütün Türkdilli dövlətlər Türkiyəyə bir mayak kimi baxırlar və onun bayram sevincinə şərik çıxırlar. Türkiyənin Cümhuriyyət bayramı Azərbaycanın və digər Türkdilli ölkələrin bayramıdır!

Hiç yorum yok:

Yorum Gönder

Pages