Qubadlının azad edilməsindən 4 il ötür ŞƏRH



Oktyabrın 25-i Qubadlı şəhərinin işğaldan azad edilməsinin 4-cü ildönümüdür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı cənab İlham Əliyev xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub.

Bu gün isə Qubadlıda böyük miqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Yaxın vaxtlarda Qubadlı Azərbaycanın inkişaf etmiş, turistləri özünə cəlb edən bir diyara cevriləcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages