Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı dəyişdirilib Ağncazor və Aşotavan qoyulan Ağkənd" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ağkənd, Agğöl toponimləri və Ağgöl hidronimləri haqqında söz açılır.
Bildirilib ki, tarix boyu Qərbi Azərbaycan toponimləri erməni vandalizminin hədəfinə çevrilib, kəndlərinin tarixçəsi, əhalisinin deportasiyası və adlarının dəyişdirilməsi prosesi ardıcıllıqla davam edib.
Ağkənd - Zəngəzur mahalının Qafan rayonu ərazisində kənd olub və XX əsrin əvvəllərində ləğv edilib.
Ağkənd - Dərələyəz mahalının Keşişkənd, indiki Yeğeqnadzor rayonunda yerləşən kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qovulublar. Ermənilər bura 1923-1925-cı illərdə köçürülüblər. Azərbaycanlılar isə 1948-1949-cu illərdə də zorla köçürülüblər. 1968-ci il iyulun 3-də adı dəyişdirilib Ağncazor qoyulub.
Ağkənd - Zəngəzur mahalının Sisyan rayonunda yerləşən kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşayıb. 1828-1829-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilib və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunublar. 1948-ci il aprelin 17-də adı dəyişdirilib Aşotavan qoyulub.
Ağgöl - Zəngəzur mahalının Qafan rayonunda kənd və göl adıdır. Kəndin adı ərazidəki eyni adlı göldən götürülüb. "Keyfiyyətli, içməyə yararlı" mənasında işlənən "ağ" sözünə göl coğrafi nomeninin artırılması yolu ilə düzələn mürəkkəb quruluşlu hidronimdir və erməni mənbələrində Berandzov, yəni Ağız gölü formasında qeyd edilir.
Ağgöl - Zəngibasar mahalının eyni adlı rayonu, indiki Masis rayonunun Çobankərə kəndində göl və qoruq adıdır. 1939-1940-cı illərdə Çobankərə kəndi ilə Eçmiədzin şəhəri arasında IV sovxozun salınması ilə əlaqədar göl qurudulub, qoruq isə ləğv edilib.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın qədim türk-oğuz mənşəli toponimlərin adları və mənşəyi haqqında tarixi faktlar, bu yerlərin acı taleyi heç vaxt unudulmur: "Toponim oğruları"nın məhv edə bilmədiyi Azərbaycan izləri, adlar bir neçə dəfə dəyişdirilsə də, həqiqətlər dəyişmir. Həqiqət isə Qərbi Azərbaycanın qədim türk-oğuz yurdu olması və qəlblərdə yaşamasıdır".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hiç yorum yok:
Yorum Gönder