Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerası olub.
Axşam.az xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
Əvvəlcə iştirakçılar foyedə filmin çəkilişi zamanı istifadə olunan geyim və tarixi əşyaların sərgiləndiyi guşə ilə tanış olublar.
Ekran əsərinin nümayişindən əvvəl məlumat verilib ki, “Tağıyev: Neft” filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.
Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.
Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq.
Film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.
Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.
Filmin təqdimatı böyük maraqla qarşılanıb.
Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.
Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Bu sırada “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmləri qeyd edə bilərik.
Hiç yorum yok:
Yorum Gönder