“Ən bahalı hədiyyəmi Heydər Əliyev verib” – Misir Mərdanov



“Bu yaşıma kimi təmtəraqlı ad günü qeyd etməmişəm. Doğum günümdə işdə idim. Həmin günü institutda rəhbərlik etdiyim şöbənin elmi seminarı keçirilirdi. Saat 12-də otağa gələndə köməkçim dedi ki, əməkdaşlardan biri evdə tort hazırlayıb, istəyirik işçilərlə bərabər çay içək. Beləcə, institutun 15-16 nəfər əməkdaşı ilə birlikdə tort kəsib, çay süfrəsi arxasında xeyli söhbət etdik. Evə də gələndə, bacım və yoldaşı bizdə idi. Onlarla çay içdik. Bununla da mənim 78 yaşım tamam oldu”.

Bu sözləri Bakmiltv.info-ya sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov doğum günü ilə bağlı danışarkən deyib.

Misir Mərdanov çay süfrəsi arxasında Azərbaycanın tanınmış və hörmətli şəxsləri haqda söhbətlərə üstünlük verdiyini bildirib:

“Məsələn, Mehdi Mehdizadə, Mirzə İbrahimov, Abdulla İbrahimov, Zahid Xəlilov, İbrahim Hüseynov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Arif Babayev, Cəlal Allahverdiyev, Mirabbas Qasımov və digər alimlərimiz haqda danışdıq. Eyni zamanda dünyanın müxtəlif ölkələrində olarkən eşitdiyim, gördüyüm, oxuduqlarımdan xeyli söhbət etdim”.

Sabiq nazir bu yaşına qədər aldığı ən qiymətli hədiyyələr barəsində danışıb:

“Bu vaxta kimi aldığım ən bahalı hədiyyələrdən birini Ulu Öndər Heydər Əliyev mənə verib. O, məni Azərbaycanın “Əməkdar elm xadimi” adına layiq görüb. 60 yaşım olanda H.Əliyevin layiqli davamçısı, torpaqlarımızı düşməndən tam azad etmiş İlham Əliyev “Şöhrət ordeni” verib. 75 yaşımda isə cənab prezident mənə Birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni verdi. Daha bir ən yüksək mükafat da Azərbaycan insanlarının, sadə adamların mənə olan hörmətidir. 13 ildir nazir vəzifəsindən çıxmışam, amma yenə də getdiyim yerlərdə hörmət, ehtiram görürəm. Bunları həyatımın ən yüksək mükafatı hesab edirəm. Nə etmişəmsə, millətim, Vətənim, xalqım üçün etmişəm”.

M.Mərdanov müəllimləri “Müəllim günü” münasibəti ilə təbrik edib:

“Müəllimləri ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı arzu edirəm. Ən əsas arzularımdan biri də odur ki, Azərbaycan müəllimi adına layiq olsunlar, bu adı doğrultmağa çalışsınlar. Cəmiyyətdə nümunəvi insan olsunlar. Arzu edirəm ki, özlərinin gedişi, gəlişi, duruşu, geyimi, biliyi, bacarığı, səmimiliyi ilə ətrafdakıların diqqətini cəlb etsinlər. İlk növbədə ədalətli olsunlar. Dərs keçdikləri şagirdə, tələbələrə öz balaları kimi yanaşsınlar. Təəssüf ki, son zamanlar müəllim adına yaraşmayan məsələlər ortaya çıxır, müəllimlərin nüfuzu azalır. Ulu Öndər demişdi ki, dünyada müəllimdən yüksək ad tanımıram. Çalışıb, azalmaqda olan nüfuzu bərpa etsinlər”.

Misir Mərdanov Heydər Əliyevə mükafat verməsi haqda söz açıb:

“Nazir çalışdığım dövrdə Heydər Əliyev Azərbaycanda bir mükafat aldı. O da 1998-ci ilin sentyabr ayının 25-də Azərbaycan müəllimlərinin qurultayında “Azərbaycanın xalq müəllimi” adına layiq görüldü. O, tək kişidir ki, Azərbaycanın xalq müəllimi adına layiq görülüb. O adı isə H.Əliyev şəxsən məndən qəbul edib”.

Hiç yorum yok:

Yorum Gönder

Pages