Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hüquqi məsuliyyət sosial məsuliyyətin növlərindən biridir. Sosial məsuliyyət növlərinə bunları aid etmək olar: dini məsuliyyət, siyasi məsuliyyət, partiya məsuliyyəti və s. Hüquqi məsuliyyət sosial məsuliyyətin digər bütün növlərindən yalnız onunla fərqlənir ki, o zəruri hallarda dövlət məcburiyyəti ilə təmin edilən normativ tələblər üzərində yaradılmışdır. Hüquqi məsuliyyət hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələrlə ifadə olunur. Hüquqi məsuliyyətin əmələ gəlməsinə əsas hüquq pozuntusunun törədilməsi faktıdır.
Hüquq məsuliyyətinin əlamətləri: hüquq pozuntusunun törədilməsi hallarında tətbiq olunur və fərdiləşdirilmiş səciyyə daşıyır; xüsusi dövlət orqanları (polis, dövlət cəza müəssisələri, icra xidməti) yaxud bu fəaliyyətə dövlət tərəfindən səlahiyyət verilmiş digər subyektlər (bir sıra ölkələrdə özəl islah müəssisələri, xüsusən də yetkinlik yaşına çatmayanlar üçün islah müəssisələri var) vasitəsilə realizə edilən dövlət məcburiyyətinə arxalanır; hüquq pozucusu üçün müəyyən mənfi nəticələrə səbəb olur ki, bu da şəxsi məhrumiyyətlərdə (məsələn, azadlıqdan məhrumetmə yaxud azadlığa məhdudiyyət qoyulması, müəyyən növ fəaliyyətlə məşğul olmağa qadağa qoyulması) və ya mülki cəzalarda (əmlak müsadirəsi, vurulmuş ziyanın əvəzinin ödənilməsi) ifadə olunur; özündə cəmiyyətəzidd təqsirkar əmələ qarşı reaksiyanı əks etdirir. Realizə olunmamış hüquq pozuntusu törətmək fikri, hissi, arzusu şəxsin hüquq məsuliyyətinə cəlb edilməsi üçün əsas sayıla bilməz; prosessual təcəssüm formasına malikdir. Hüquq məsuliyyəti qanun tərəfindən müəyyən edilmiş ciddi prosedur qaydasına uyğun olaraq səlahiyətli dövlət orqanı tərəfindən realizə olunur.
Hüquq məsuliyyətinin əsası hüquq pozuntusudur. Əgər subyektin davranışında hüquq pozuntusu əlaməti yoxdursa onu məsuliyyətə cəlb etmək olmaz. Növləri aşağıdakı kimidir:
İntizam məsuliyyəti – təqsirli şəxsə müdir tərəfindən intizam tənbehinin tətbiq edilməsindən ibarətdir (töhmət, irad, işdə azad etmə).
İnzibati məsuliyyət – icraedici hakimiyyət orqanları tərəfindən təqsirli şəxsə inzibati təsir tədbirlərinin tətbiq edilməsini ifadə edir(xəbərdarlıq, cərimə, inzibati həbs).
Maddi məsuliyyət – öz qulluq vəzifələrini yerinə yetirərkən şəxsin hüquqa zidd hərəkətləri nəticəsində şəxsin əmlaka vurduğu ziyanın ödənilməsidir.
Mülki-hüquqi məsuliyyət- vətəndaşın və təşkilatın əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından irəli gələn mülki – hüququn sanksiyalarında nəzərdə tutulmuş formada vurulmuş zərərin ödənilməsində tətbiq edilən məsuliyyət tədbirləridir.
Cinayət məsuliyyəti - ən kəskin dövlət təsir tədbiridir və məhkəmə qaydasında cinayət törətmiş şəxslərə qarşı tətbiq edilir.
Hiç yorum yok:
Yorum Gönder