Asif Ata Ocağının Evladı, tanınmış filosof-yazar Eluca Atalının
Bugünlərdə İstanbuldakı Çinaraltı yayınevində iki kitabı işıq üzü görüb. "Anka kuşu — Yeniden doğuş" və "Anka kuşu — sonsuzluk arayışı".
Balaca bir quş bütün canlılar kimi təbiətin bir üzvü olaraq yumurtadan çıxır və o ilk öncə adi bir quş idi, hamıdan biri. Gördüyü hər şeydə məntiq axtarır: içindən çıxdığı yumurtanın nədən yumru olması belə onun soruları silsiləsində yer alır. Ən əsası bütün balacalar kimi o da tez böyümək, böyüyüb göy üzündə uçmaq istəyir. Durmadan uçuş məşqləri edən bala quş, bir gün anasından izinsiz yuvadan havaya atılır -- mavi göy üzünə. Səmada süzdüyü an ucalığa heyrət edir, o azadlıq, rahatlıq sonsuzluq içində mavi-qara buludların arasından süzülən sarı işığa doğru yol alıb irəlilərkən əsl işığın mənbəyi Günəşi görüb ona vurulur.
O, Günəşə yetmək istədiyini anasına söylərkən məyus olur, çünki "olmaz" kəlməsi ilə qarşı-qarşıya durur. Günəşə gedəcək yol bala quşdan milyon illər uzaqdadır, bir quş ömrünün zərrəsini təşkil edən böyük bir zamandır bu. Bala quşsa öz inadından dönmür, günəşə yetmək üçün yol düşünür. Quşlar arasında zəkalılığı ilə ad çıxarmış qarğa yeni eşitdiyi xəbəri yayarkən bala quşa uzaq bir diyarda qayalıqlar arasında bir mağarada Ənqa quşu adlı bir varlığın mövcud olmasından xəbər verir və o, bildirir ki, kim gedib, o uzaq diyara çataraq Ənqa quşunu görərsə, əbədi həyat qazanar, heç vaxt ölməz. Yolun şərtləri belədir: Mağaraya səfər edəcək canlılar bir dəfə havaya qalxır, yalnız mənzil başına çatanda nəfəs dərir və həm də özlərinə yük etməsinlər deyə səfər zamanı özləri ilə yem və su götürməməlidirlər.
Əbədiyyəti qazanmaq eşqinə düşənlər çox oldu, səfərə -- o uzaq diyardakı mağaraya yetib Ənqa quşunu görmək istədilər. Lakin məşəqqətli yolun uzaqlığına qanadlarının gücü yetmir. Onların içində yalnız biri, Bala quş mağaraya yetişib Ənqa quşunu səsləyir. Gözlənilmədən səsinə cavab verilir: "Ənqa quşu sənsən!" Öz daxili gücünü aşkarlayıb, iradəsi ilə bütün çətinlikləri dəf edənlər özləri əsl Ənqa quşudur.
Eluca Atalının haqqında bəhs etdiyimiz bu iki kitabı uşaqlara məqsədlərinə çatmaq üçün heç bir məhrumiyyətdən qorxmamaq kimi yüksək keyfiyyət aşılamaq məqsədi ilə yazılmışdır.
Müəllifi təbrik edirik!
Aynurə Sadıqqızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hiç yorum yok:
Yorum Gönder