Gürcüstanda böyük etiraz anonsu verildi – Rəngli inqilab başlayır?



Gürcüstan Prezidenti Salome Zurabişvili seçkiləri tanımadığını açıqlayıb. O, vətəndaşları oktyabrın 28-də Tbilisidə parlament binasının qarşısında seçkilərin nəticələrinə etiraz etməyə səsləyib. Bir neçə Qərb ölkəsi də birgə bəyanat yayaraq seçkinin nəticəsini tanımayacağını bildirib

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Zurabişvilinin seçkiləri tanımaması ilə bağlı bəyanatı gözlənilən idi:

“Salome Zurabişvili Gürcüstanda Fransanın maraqlarını ifadə edən şəxsdir. O, Fransaya xidmət edir. ABŞ və Qərbin Gürcüstandakı təmsilçisidir. Qərbin seçkilərdən sonra Gürcüstanda hakimiyyət dəyişikliyi üçün rəngli inqilab etmək planlarında iki əsas istiqamət nəzərdə tutulurdu. Bunlardan birincisi, fəaliyyət müddəti bitməkdə olan Prezident Zurabişvilinin rəhbərliyi altında kütləvi etiraz dalğasının yaradılması, ikincisi isə Ermənistan kəşfiyyatı üzərindən Gürcüstanda yaşayan ermənilər vasitəsilə silahlı iğtişaşların törədilməsi nəzərdə tutulurdu. Bu planın reallaşdırılıb-reallaşdırılmayacağı ilə bağlı dəqiq fikir söyləmək mümkün deyil. Hələlik məlum olan odur ki, Qərbin təsiri altında olan Gürcüstan müxalifəti yaxın vaxtlarda etiraz aksiyalarına başlayacaq”.

Politoloqun sözlərinə görə, Qərb Gürcüstanda indiki hakimiyyəti istəmirdi:

“Bu hakimiyyətin dəyişdirilməsi üçün əlindən gələn hər şeyi edirdi. Lakin bəzi məlumatlara görə indiki Gürcüstan hakimiyyətinin arxasında dayanan Bidzina İvanişvili ilə Qərbin bəzi dairələri səhnə arxasında razılıq əldə ediblər.

Elçin Xalidbəyli

Bu anlaşmanın əsas motivi Gürcü Arzusu Partiyasının hakimiyyətdə olduğu dönəmdə Rusiya ilə münasibətləri normallaşdırmqdan imtina etməkdən ibarət idi. Halbuki Kreml bəyan etmişdi ki, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi üçün separatçı bölgələrlə rəsmi Tbilisi arasında vasitəçilik etməyə hazırdır. Yəni, Abxaziya və Cənubi Osetiya separatçı bölgələri ilə bağlı Rusiya öz mövqeyini dəyişə biləcəyi mesajını vermişdi. Lakin görünür, Gürcüstan hakimiyyətinin əsas iradə sahibi İvanişvili bəzi Qərb dairələri ilə razılığa gəlib. Buna görə də Baş nazir Gürcüstanın Rusiya ilə siyasi, diplomatik münasibətləri bərpa etmək niyyətində olmadığını açıqladı. Bu da Qərbə yönəlmiş mesajdır”.

Elçin Xalidbəyli qeyd edir ki, Qərb də öz növbəsində Gürcüstana müəyyən mesajlar verir:

“Qərb siyasi dairələrinin verdiyi bəyanatlara görə, Gürcüstanın Avropaya inteqrasiyası daha diqqətlə izlənir. Böyük ehtimalla Gürcü Arzusu Partiyası hakimiyyətdə qala biləcək. Rəngli inqilabın uğur qazanma ehtimalı o qədər də yüksək görünmür. Böyük ehtimal ilə Qərb düşünür ki, Gürcüstanda hakimiyyəti dəyişməkdənsə, mövcud hakimiyyətlə razılığa gəlmək daha sərfəlidir. Gürcüstanın Rusiya ilə indiki münasibətlərinin qorunması da çox vacib hesab olunur. Gürcü Arzusunun hakimiyyətdə qalması hamını qane edən variantdır. Gürcüstan-Rusiya münasibətləri qeyri-müəyyən xarakter daşıyır. Bu da Türkiyə, ABŞ, Azərbaycan, Qərb və Rusiyanı qane edir. Çünki Cənubi Qafqazda gərginliyin olması sadalanan güc mərkəzlərinin maraqlarına ziddir”.



Hiç yorum yok:

Yorum Gönder

Pages