İqor Vladimiroviç Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə 39 nömrəli məktəbə gedib. 1987-ci ildə səkkizinci sinfi bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edib və burada çavuş məktəbində təhsil alıb.
Azərbaycanda baş verən hadisələr İqoru narahat edib. O, təhsilini yarımçıq qoyaraq Gəncəyə qayıdıb. Anası onun gəlişinə etiraz edəndə o, deyib: "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə onun yolunda canımı da fəda edərəm!" İqor Makeyev belə də edib. O, evdən xəbərsiz Bakıya gəlib. Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılıb və bununla da onun cəbhə həyatı başlayıb.
1992-ci il iyunun 5-də ermənilər Naxçıvanlı kəndinə hücuma keçib və İqor burada onlarla erməni yaraqlısını məhv edib. Ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks-hücuma keçərək kəndi geri ala biliblər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşub.
İqorun son döyüşü 2 avqust 1992-ci ildə olub. "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gediblər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradıb, özü isə qəhrəmancasına həlak olub. İqor Makeyev Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 noyabrtarixli 290 saylı Fərmanı ilə İqor Vladimiroviç Makeyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.
Hiç yorum yok:
Yorum Gönder