Son günlər Bakıda avtobusların sayında azalma müşahidə olunur. Bundan başqa, intervalda da dəyişiklik nəzərə çarpır. Artıq 10 dəqiqə deyil, 20, 30, hətta 40 dəqiqə avtobus gözləyənlər var. Bəzi sürücülər isə avtobusların azalmasını Bakıda keçiriləcək COP29-la əlaqələndirir. Deyilənə görə, avtobusların əksəriyyəti indidən COP29 üçün ayrılıb.
Bakmiltv.info ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bu barədə məlumatı olmadığını bildirib.
O deyib ki, ictimai nəqliyyat üçün fəaliyyət göstərən avtobusların hamısı xətdədir:
“Bu dəqiqə COP29 başlamır. Ola bilər ki, avtobuslar müəyyən saatlarda təlim proseslərinə cəlb olunur. Bu, mümkündür. Amma ortada heç nə yox ikən COP adı ilə avtobusların xətdən çıxarılmasına inanmıram. Çünki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) belə məsələlərə diqqətlə yanaşır. Sözün düzü, mən azalma müşahidə etməmişəm”.
E.Muradlının fikrincə, əvvəlki dövrlərə nisbətən indi avtobusların sayı artıb:
“Hazırda 2100-dən artıq avtobus var və xəttə çıxır. Ayın sonu təxmini 100-ə yaxın elektrikli avtobuslar xəttə buraxılacaq. Getdikcə say artır, özəl daşıyıcı şirkətlər də ilin axırına yeni avtobuslar gətirəcəklər. Burada elektrikli avtobuslar, sıxılmış qazla işləyən (SNC) avtobuslar da olacaq. Yəni proses yaxşıya doğru gedir”.
Məsələ ilə bağlı Bakmiltv.info“Baku Bus”a sorğu ünvanlayıb.
Hiç yorum yok:
Yorum Gönder