Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı - Vüqar Rəhimzadə



Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Təbii ki, bu hədəflər xarici siyasətimizin əsas istiqamətləri olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsini bir zərurət kimi qarşıya qoyur. Ötən dövr ərzində qarşılıqlı səfərlərin dinamikası, Prezident İlham Əliyevin iştirak, eyni zamanda, çıxış etdiyi tədbirlərin say tərkibi Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının yeni prioritetlər istiqamətində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, möhkəm təməl daim davamlı uğurlara, eyni zamanda, etimad mühitinin daha da möhkəmlənməsinə yol açır ki, bu da öz növbəsində əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə çağırışlar edir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiyanın vaxtilə vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqil Azərbaycan və Rusiya dövlətləri arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin ilin sentyabrında Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən ilk əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyul ayında imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" oldu. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Azərbaycanın xarici siyasətinin keçmiş Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələsi olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi kimi dəyərləndirildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Postmünaqişə dövründə Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi. Belə ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb. Laçın sakinlərinə qovuşan, qayıdışın sevincini yaşayan məskənlərimiz sırasındadır. Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də qayıdışın ünvanlarındandır. Əlaqələrin inkişafında yeni səhifə açacaq mühüm addımlardan biri kimi gələn il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini də qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimizdən sonra 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzaladılar. Bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu, xalqlarımız arasında tarixi dostluq, mehriban qonşuluq ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə əsaslanaraq dövlətlərarası münasibətlərimizi keyfiyyətcə müttəfiqlik səviyyəsinə yüksəltdi. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsini və daha da genişləndirilməsini təmin etmək məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalandı.
Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu ilin aprel ayında Rusiya Federasiyasına səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsi kimi vurğulandı. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu. Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, bu günədək imzalanan sənədlər, mütəmadi qaydada keçirilən iqtisadi forumlar, konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Hər bir səfər çərçivəsində gündəmə gətirilən məsələlər münasibətlərin gələcək inkişafına stimuldur.

Hiç yorum yok:

Yorum Gönder

Pages